Xəzər Xəbər

Xaricdə qiyabi oxuyan tələbələr Azərbaycanın ali məktəblərinə köçürülməyəcək - VİDEO

Veb TV | 20:41 • 13 Dekabr 2017
Xaricdə qiyabi oxuyan tələbələr Azərbaycanın ali məktəblərinə köçürülməyəcək -

Xaricdə əyani təhsil alan vətəndaşların ölkəmizin təhsil müəssisələrinə köçürülməsi şərtləri müəyyənləşib. 

Xezerxeber.az-ın məlumatına görə, xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmayacaq. Bu, Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və qüvvəyə minmiş Qaydalarında əksini tapıb.

Ölkə daxilinə bakalavriat və magistratura səviyyəsində köçürülmə zamanı tələbənin qəbul imtahanında topladığı bal əsas götürüləcək. Əyani təhsil alanlardan fərqli olaraq, qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmayacaq.

Qaydaya əsasən tələbələrin ixtisasını və ya təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir. Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Bu zaman II və III ixtisas qruplarında müəyyənləşdirilmiş "tarix və coğrafiya müəllimliyi", "tarix müəllimliyi" və "tarix" ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş "beynəlxalq münasibətlər" və "regionşünaslıq" ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla uyğun hesab edilir.

Hüquqşünaslıq və baza ali tibb ixtisasları istisna olmaqla tələbənin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparıla bilər.

Ölkə daxilində magistratura səviyyəsinin 1-ci tədris ili müddətində, bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.

Bu zaman da bəzi istisnalar var.Əgər beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr müəyyən olunmuş baldan az olmadıqda, qənaətbəxş akademik göstəriciləri, köçürülmə səbəbləri, təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer aldıqda keçid bal sistemi nəzərə alınmaya bilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti