Xəzər Xəbər

Putin: Suriyada islahatlar asan olmayacaq

Gündəm | 21:15 • 22 Noyabr 2017
Putin:

Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərində Suriya mövzusunda üçlü zirvə toplantısına başlayıblar.

XəzərXəbər-in məlumatına görə, zirvə görüşünün mətbuata açıq hissəsində çıxış edən Türkiyə prezidenti Putinə ev sahibliyi üçün təşəkkür edib. O, "möhtərəm qardaşım", - deyə xitab etdiyi Həsən Ruhaninin də zirvədə olması ilə bütün məsələləri üçtərəfli formatda müzakirə imkanının yarandığını bildirib:

"Bu üçlü zirvə Suriyada axan qanın artıq tamamilə dayanması, illərdir baş verən faciənin sona çatması baxımından son dərəcə əhəmiyyətlidir. Türkiyə, Rusiya və İranın Suriya məsələsində yaxın bir iş mühiti yaratmalarının müsbət nəticələrinə dünya şahid oldu. Astana bunun ən gözəl nümunəsidir."

Rusiya prezidenti Vladimir Putin isə həmkarlarına Suriya böhranında oynadıqları rol üçün təşəkkür edib.

Türkiyə və İranın dəstəyi ilə Suriyanın parçalanmasının qarşısının alındığını vurğulayan Putin, "iki liderin oynadıqları rol olmasaydı, Suriyada hərbi prosesin yekunlaşması mümkün olmazdı. Suriyada artıq siyasi həllə yönələn yeni bir mərhələyə keçilib", - deyə danışıb.

Türk və İran prezidentlərinin göstərdikləri mövqe sayəsində Astana prosesi, Suriyadakı qarşıdurmaların azalması, atəşkəslər və gərginliyin azalma regionlarının reallaşdığını vurğulayan Putin, "Türkiyə və İranın dəstəyi ilə Suriyanın parçalanmasının qarşısı alındı. İllərdir davam edən vətəndaş müharibəsinin dayandırılması mümkün ola biləcək vəziyyətdədir", - söyləyib.

Türkiyə, Rusiya və İranın Suriya Milli Dialoq Konqresinin fəal hala gəlməsi üçün lazım olan səyi göstərəcəklərinə inandığını da bildirən Putin deyib:

"Suriya xalqı özlərinin və ölkələrinin taleyini özləri təyin edəcəklər. Sözügedən islahat prosesinin asan olmayacağı aşkardır. Bu prosesdə Suriya hökuməti də daxil olmaqla, bütün tərəflərin fədakarlıq göstərməsi lazımdır. Türkiyə və İran prezidentləri ilə bu gün Soçidə keçirəcəyimiz görüşlərin Suriyanın ərazi bütövlüyünü gücləndirəcək nəticələr yaradacağını düşünürəm".

Putin təkliflə çıxış edərək,"dağıntıların miqyası olduqca böyük olduğundan, Suriyada quruculuq-bərpa işlərinə dair kompleks proqramın işlənib hazırlanması haqqında birlikdə düşünmək olar", - bildirib.

Putin əlavə edib ki, Türkiyə, İran və Rusiya Suriya Milli Dialoq Qurultayının keçirilməsi mövzusunda azılıq əldə ediblər.

İran prezidenti Həsən Ruhani də çıxışında bildirib ki, bu görüş xüsusi zamanda keçirilir və bu proses içində üç ölkənin birgə apardığı iş, Suriyada sülh və sabitliyin yaranması üçün zəmin hazırlayıb:

"Bugünkü görüş çox açıq bir görüşdür. Üç ölkə öz fikirlərini çox açıq bir şəkildə bəyan etdilər. Burada məqsəd Milli Konqresinin yaranmasıdır. Bu konqresdə bütün aktiv partiyalar, Suriyaya qarşı və hətta Suriya tərəfdarı olanlar birləşəcəklər və Suriyanın gələcəyi üçün müzakirə aparacaqlar. Və bu konqresdə yeni konstitusiya üçün zəmin yaranacaq, nəticədə azad, ədalətli seçki keçiriləcək."

Xəbər lenti

Çox oxunanlar