"Müəlliflik hüququ və
əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi ilə bağlı məsələlər haqqında” Nazirlər Kabinetinin 1997-ci il 2
may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, ədəbiyyat və incəsənət əsərlərinin kütləvi
ifasına görə müəllif qonorarının minimum miqdarı bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat müəyyən olunur.
Habelə toy mərasiminin keçirildiyi hər gün üçün Bakı,
Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə
20 manat qonorar müəyyən olunur. Bu qonorar şadlıq evlərinin,
kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri
tərəfindən ödənilir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə
müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir.
Qonorarın məbləği əldə olunan gəlirdən faizlə yox, mütləq rəqəmlərlə
göstərilməlidir.
Bundan başqa, audiovizual əsərlərin efir yayımı
televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına
görə 0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi
büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla),
həmçinin audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən,
retranslyasiya üsulu ilə) yayımlanmasına görə - 0,5 faizlə
(istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən
reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) qonorar
ödəniləcək.
Audiovizual əsərlərin efir yayımı televiziyası və
kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə)
yayımlanmasına görə alınan qonorar yaradıcı heyət arasında aşağıdakı
şəkildə bölünəcək:
1. Bədii filmlərə görə ümumi: 17; onlardan:
ssenari müəllifinə - 6; quruluşçu rejissora - 6;quruluşçu operatora - 2;
quruluşçu rəssama - 2; bəstəkara - 1.
2. Musiqili filmlərə görə
ümumi: 18; onlardan: ssenari müəllifinə - 6; quruluşçu rejissora – 6;
quruluşçu operatora - 2; quruluşçu rəssama - 2; bəstəkara - 2.
3.
Cizgi filmlərinə görə ümumi: 17; onlardan: ssenari müəllifinə - 4;
quruluşçu rejissora – 6; quruluşçu operatora - 2; quruluşçu rəssama - 4;
bəstəkara - 1.
4. Sənədli və elmi-kütləvi filmlərə görə ümumi: 16;
onlardan: ssenari müəllifinə - 4; quruluşçu rejissora - 6; quruluşçu
operatora - 4; quruluşçu rəssamа - 1; bəstəkara - 1 faiz.
Qərarda
qeyd olunur ki, Azərbaycan ərazisində audiovizual əsərlərin efir və
kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə
yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını
(satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən
tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və
fiziki şəxslər müəllif qonorarı ödəyirlər. Audiovizual əsərlərdən
istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və
bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını
kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə
tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak
hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən
Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir. Müəllif
qonorarının ödəyiciləri istifadəsinə icazə aldığı audiovizual əsərlərin
qeydiyyatını, hesabat dövründə hər bir əsərdən istifadəyə görə əldə
edilən gəlirin uçotunu aparmalıdırlar.
Ödəyicilər müəllif
qonorarı ödəməklə yanaşı, audiovizual əsərlərin müəlliflərinin əmlak
hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya)
qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq
sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi
funksiyasını yerinə yetirən Müəllif Hüquqları Agentliyinə hesabat
dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və
hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda
göstərilməklə) təqdim etməlidirlər.