Xorvatiyanın paytaxtı
Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyində
fərdi yarışlar başa çatıb. Mötəbər yarışın sonuncu günü Azərbaycan
millisi daha bir uğura imza atıb.
100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsiyev finala
gedən yolda Koreya, Özbəkistan, Avstriya və Tacikistandan olan
rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşmada Kotsiyevin rəqibi erməniəsilli
Rusya idmançısı Armen Adamyan olub. Cüdoçumuz bu görüşdə əzmkar
mübarizə apararaq qələbə qazanıb. Zaqrebdə Azərbaycan cüdoçusuna dünya
birinciliyinin qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət
himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.
Bununla
da, millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən daha yaxşı
nəticə göstərərək birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya,
Rusiya, Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa,
İtaliya və digər ölkələrin komandalarını qabaqlayıblar. Ümumi komanda
hesabında isə gənclərimiz yalnız Yaponiyadan geri qalaraq 2-ci olublar.
Xatırladaq
ki, Hidayət Heydərov (73 kq), Zelim Kotsiyev (100 kq) qızıl, Natiq
Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52
kq) bürünc medal əldə ediblər.
Qeyd edək ki, 83 ölkədən 590
idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə
Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil
olunub.