Xəzər Xəbər

Zakir Həsənov Tbilisidə ordu rəhbərləri ilə görüşdü

Gündəm | 12:06 • 17 Oktyabr 2017
Zakir Həsənov Tbilisidə ordu rəhbərləri ilə görüşdü

Oktyabrın 17-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin rəhbərləri arasında üçtərəfli görüş keçirilib.

XəzərXəbər xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisləri general-mayor Vladimer Çaçibaia və ordu generalı Hulusi Akar iştirak ediblər.

Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub. Tərəflər üçtərəfli əməkdaşlığın regionda sabitliyə, xalqlarımızın sosial rifahının yaxşılaşmasına və inkişafa təkan verəcəyinə əminliklərini bildiriblər.

Silahlı Qüvvələrin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, Türkiyədə və dünyada baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunub, Dağlıq Qarabağ və Cənubi Osetiya problemlərinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb.

Sonda görüşün yekunu olaraq birgə protokol imzalanıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.

Xəbər lenti