Xəzər Xəbər

"Qarabağ" tarixi oyuna çıxır

İdman | 12:03 • 23 Avqust 2017
"Qarabağ" tarixi oyuna çıxır

Bu gün "Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasında (ÇL) tarixi oyuna çıxacaq.

XəzərXəbər goal.az-a istinadən xəbər verir ki, təmsilçimiz qitənin ən nüfuzlu klub turnirində Danimarka "Kobenhavn"i ilə "pley-off” mərhələsinin cavab matçında qarşılaşacaq.

Tarixində ilk dəfə ÇL-in "pley-off”una yüksələn, ardıcıl 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən ölkə çempionu səfərdə lazımı nəticəni təmin etməklə, Azərbaycan futbolu adına ilkə imza atmış olacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ötən həftə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş qarşılaşmada Mahir Mədətovun 25-ci dəqiqədə vurduğu qolla qalib gələrək üstünlük əldə edib. İndi ÇL-in qrupuna düşmək üçün 1:2-dən başlayaraq istənilən minimal fərqli məğlubiyyət də Ağdam klubunun işinə yarayır.

"Kopenhagen” avrokuboklarda son 10 ev oyunundan yalnız 1-də uduzubsa, "Qarabağ” cari mövsümdə hər 2 səfər matçında qalib gəlib.

İndiyədək 4 dəfə ÇL-in qrup mərhələsində çıxış etmiş "Kobenhavn” turnirin "pley-off” mərhələsində 6 dəfə iştirak edib və bunlardan 2-də qrupa düşməyi bacarıb.

Çempionlar Liqası

"Pley-off” mərhələsi, cavab oyunu

23 avqust

22:45. "Kobenhavn” (Danimarka) - "Qarabağ” (Azərbaycan)

Baş hakim: Alberto Undiano Malyenko

Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines

Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines

Dördüncü hakim: Dieqo Barbero Sevilya (hakimlər briqadası İspaniyadandır)

Hakim-inspektor: Alfredo Trentalanye (İtaliya)

UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)

Kopenhagen. "Parken” stadionu

İlk oyun – 0:1

Xəbər lenti