Xəzər Xəbər

Avtomobilinə “Satılır” elanı yazanlar cərimələnəcək - 2 min manat - VİDEO

Veb TV | 19:35 • 21 Avqust 2017
Avtomobilinə “Satılır” elanı yazanlar cərimələnəcək -

Maşınına ''Satılır'' elanı yazanlar cərimə ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. İdarənin şöbə rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazımdır. Avtomobilin şüşəsində "Satılır" yazısı yapışdırmaq da reklamdır. Avtomobilin hansı şirkətə məxsus olduğunu bildirən ad və ya loqotip reklam hesab edilmir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, 2015-ci ildə reklam haqqında yeni qanun qəbul edilərkən, orda belə bir anlayış verilib ki, əgər hansısa bir malın, əmtənin üstündə hansısa bir məlumat verən, diqqət çəkən yazı varsa, bu, reklam hesab edilir: "Ona görə də 'Avtomobillərdə reklam xarakterli informasiyasının yerləşdirilməsi qanunla tənzim olunur. Yəni avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilib''.

Amma bununla belə, qanunda bu cür istisna olmadığı üçün istənilən halda cərimə hər bir şəxsə tətbiq edilir.

Qeyd edək ki, normalara əsasən nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanılan müqavilə əsasında yerləşdirilir. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir.

Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilir.

Qeyd edək ki,''Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi'' qaydaların pozulmasına görə, fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 1500-2000 manat cərimə müəyyən edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti