Xəzər Xəbər

Bakıda avtobus sürücüsü kobud qayda pozuntusuna yol verib - VİDEO

Veb TV | 19:33 • 27 İyun 2017
Bakıda avtobus sürücüsü kobud qayda pozuntusuna yol verib -

Bakıda daha bir avtobus sürücüsü kobud qayda pozuntusuna yol verib.

Qayda pozduğunu dərk etməyən sürücü, digər sürücülərə hədə-qorxu gəlməyi də unutmur.

Xezerxeber.az məlumat verir ki, görüntü paytaxtın Nəsimi rayonunda qeydə alınıb. 4 nömrəli xətt üzrə fəaliyyət göstərən 99-JX-763 qeydiyyat nişanlı avtobusun sürücüsü Dilarə Əliyeva küçəsində qoşa xəttin tələbini pozaraq tam olaraq əks istiqamətə çıxmaqla nəqliyyatın axınına qarşı hərəkət edib.

Öz yolu ilə hərəkət edən Orxan Cəfərov adlı sürücü həmin avtobusun qarşısını kəsərək onu öz zolağına qaytarmaq istəsə də, avtobusun sürücüsü buna əhəmiyyət verməyərək əl hərəkətləri ilə sürücünü hədələyib, yolundan çəkilməyini tələb edib. Öz yolundan çəkilməyən Orxan Cəfərov sanki avtobus sürücüsünün daha da hiddətləndirib.

Təxminən 2-3 dəqiqə yolda qalan avtobus sürücüsü, qarşı yolun sağ zolağına çıxaraq daha da təhlükəli hərəkət edib.

Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, bu hərəkət kobud qayda pozuntusudur və heç bir sürücü bunu etməməlidir. Xüsusən də ictimai nəqliyyatda işləyən sürücülər: ''Çünki onlar nəzərə almaldırılar ki, avtobusda sərnişin var. Əgər həmin vaxt yol- nəqliyyat hadisəsi baş verərsə, ölən və ya xəsarət alanlar da çox ola bilər''.

Hər gün yüzlərlə sərnişin daşıyan sürücü görünür bu kobud qayda pozuntusu ilə onların həyatını belə düşünmür.

Bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sosial şəbəkələdə yayılan bu cür görüntülərə yol polisi dərhal reaksiya verir.

Əgər həmin sürücü saxlanılarsa inzibati xətalar məcəlləsinə uyğun olaraq 100 manat və 4 balla cəzalandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, 4 nömrəli müntəzəm marşrut xətt avtobusunun sürücüsü Cavid Ələsgərov qoşa xəttin tələbini kobud şəkildə pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxdığı üçün Agentliyin təqdimatı əsasında işdən azad edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti