Xəzər Xəbər

İnsanın ürəyi, maşının motoru: qulluq et ki, yarı yolda qalmayasan...

Maraqlı | 16:01 • 22 İyun 2017
İnsanın ürəyi, maşının motoru:
Motor maşının ikinci ən vacib hissəsidir. Maşınların banı indi çox az adamı maraqlandırır. Onsuz da ən tanınmış maşın firmaları belə, maşınların kuzasına 7 ildən artıq zəmanət vermir. Motor məsələsinə gəldikdə isə işlər daha da korlanır...

Təcrübəli sürücülərin çoxu maşını necə təmir etmək lazım olduğunu bilir. Belə sürücülər maşınları çox zaman özləri təmir edirlər. Ancaq təəssüflər olsun ki, son illər belə sürücülərin sayı həddindən artıq azalıb. Bəlkə inanmayacaqsınız, ancaq öz maşınlarının təkərlərini belə dəyişə bilməyən, motorun yağı ilə sürət ötürücüsünün yağını səhv salan sürücülər də var.

Mövzu ilə bağlı suallarımızı avtomobil ustası, ixtisaslı mexanik Arif Əmirov cavablandırdı.

Yağ əsl yağ olmalıdır...

İlk baxışdan təzə maşına qulluq etmək asan görünür. Lakin belə deyil. Yeni maşınlar satılandan sonra bu maşınlara zəmanət verilir və maşınlar vaxtaşırı servis təmir xidmətinə çağırılır. Ancaq statistik məlumatlara əsasən deyə bilərik ki, yeni maşın alan sürücülərin yarısı zəmanətdən istifadə etmir, servisə gəlmirlər. Əgər yeni maşının sahibi 1000-1500 kilometrdən gec olmayaraq servisə gəlirsə, deməli, həmin maşına qulluq etmək hələ mümkündür. Yox, əgər sürücü, ümumiyyətlə, servisə gəlmirsə, maşının ilk problemləri bu andan etibarən başlayır. İstehsalçıların böyük əksəriyyəti maşınların servisə çağırılma müddətini 15000-20000 kilometrə qədər uzadıblar. Bu maşınlar sınaqdan çıxmış minik vasitələridir. Bu müddət ərzində motorun yağı öz keyfiyyətini itirmir. Lakin hər hansı bir motorist sizə izah edə bilər ki, nəyə görə maşının yağını 8000-10000 kilometrdən tez dəyişmək lazımdır. Bəzi yağ dəyişən ustalar isə 5000 kilometrdən gec olmayaraq maşının yağının dəyişdirilməsini məsləhət görürlər. Satışda hər cür motor yağı mövcuddur. Maşınınızın yağını dəyişdirərkən, modelinə uyğun yağ almağı unutmayın. Bir şeyi də qeyd edək ki, ən bahalı motor yağı belə bir ildən çox işləmir. Yağ parçalanır və yararlılığını itirir.

Antifriz amili...

Motor yağının vaxtında dəyişdirilməsi hələ məsələnin yarısıdır. Avtomobildə antifriz də önəmli məqamlardandır. Sürücülərin böyük əksəriyyəti antifirizi unudurlar. Əslində antifrizin uzağı 2-3 il ömrü vardır. Köhnəlmiş antifriz maşının soyutma sistemini "öldürməyə" başlayır. Antifrizin keyfiyyətini itirməsinin acı nəticələri: avtomobillərdəki hava sistemində müntəzəm kilidlənmələr olur və eroziya yaradır.

"Radiatoru yuduzdurun, qaynatmayın"

Yeri gəlmişkən, motorun soyutma sisteminin düzgün şəkildə işləməsindən danışarkən radiator amilini unutmamaq lazımdır. Yay aylarında yarpaq-qum, qış aylarında palçıq və s. maşınların radiatoruna dola bilir. Uzun tıxaclarda motoru qaynadan maşınları görsəniz, bilin ki, bunun əsas səbəbi elə radiatorun çirklənməsidir. Bəzi sürücülər radiatorun təmizlənmə məsələsini ən son həddə çatdırırlar. Radiator haqqında son olaraq onu demək istərdik ki, radiatorun vaxtaşırı yuyulmasında yalnız fayda vardır.

Filtrlər yaddan çıxmasın

Filtrlər içərisində birinci növbədə hava filtrini qeyd etmək istərdik. Motorun yağını dəyişərkən ustalar hava filtrini də dəyişməyi məsləhət görürlər. Ancaq biz çox vaxt buna əhmiyyət vermirik və hava filtrini dəyişmirik. Halbuki motorun daxildən təmiz olmasında məhz hava filtrləri böyük rol oynayırlar. Əgər maşınınızda hava filtri təmiz deyilsə, üstəlik, siz həm də keyfiyyətsiz benzindən istifadə edirsinizsə, onda, ilk növbədə motor yağınızın keyfiyyəti aşağı düşəcək, katalizatorun işində nasazlıqlar yaranacaq.

Avtomobilini müşahidə et...

Yanacaq - daha bir yaralı yerimiz. Biz əsasən Aİ 93 markalı benzindən istifadə edirik. Bunun da əsas səbəbi bu markada olan benzinin qiymətinin nisbtən ucuz olmasıdır. Ancaq 95 və 98 markalı benzindən istifadə edən sürücülər də var. Ölkəmizdəki sürücülərin əksəriyyəti benzinin indiki keyfiyyətindən razı deyil. Düzdür, bir neçə il əvvəllə müqayisədə nəzərəçarpacaq keyfiyyət dəyişikliklərinin yaşandığını deyənlər də çoxdur.

Lakin hələ də nəticələr hamı tərəfindən tam qənaətbəxş sayılmır. Xüsusən, paytaxtdan kənarda - ucqar rayonların ərazilərində yerləşən yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyətindən narazılıqlar kifayət qədərdir. Hətta belə fikirlər səslənir ki, burada benzin markalarının qiymətlərində fərq olsa da, keyfiyyət eynidir. Hazırda ölkəmizdəki 92 və 95 markalı benzinin rənglərində fərq var. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məlumatına görə, A-95 markalı benzin rəngsiz qaldığı halda, A-92 markalı benzin qırmızı rəngdədir: "Bu, bəzi işbazların avtomobil sahiblərini aldatmalarının qarşısını almaq üçün edilib". Sürücü özü maşınının qeydinə qalmalıdır. Bunun üçün hər bir avtomobili olan şəxs birinci növbədə maşını üçün keyfiyyətli yanacaqdoldurma məntəqəsi tapmalıdır. Həm də bu yanacaqdoldurma məntəqəsi şəbəkə halında mövcud olmalıdır. Dizel yanacağı ilə işləyən maşınlarda isə vəziyyət tamam fərqlidir. Maşın alanların çoxu turbo dizel yanacaqla işləyən avtomobillərdən qaçırlar. Halbuki dizel yanacağı Azərbaycanda ucuzdur, sərfiyyatı da benzinə nisbətən az olur. Bəs nə üçün avtomobil alıcılarının çoxu dizel yanacağı ilə işləyən maşınlardan qaçırlar? Bu sualı bir neçə tanıdığım sürücüyə verdim, cavab belə oldu: "Azərbaycanda satılan dizelin keyfiyyəti aşağıdır". Başqa fikirdə olan sürücülər də var: "Alman maşınlarını Almaniyadan başqa, heç bir ölkənin dizeli yaxşı işlədə bilmir".

Səhərlər maşını qızdırmaq hər zaman xeyirlidir...

Bəziləri maşını xoda salan kimi yerindən tərpədir, bəziləri isə suyun göstəricisinin mavi xətti keçməsini gözləyirlər. Həqiqətdə isə hər şey çox sadədir. Yay aylarında 90 saniyə gözləmək kifayət edir, qışda isə maşını qızdırarkən 2-3 dəqiqə gözləmək lazımdır. Bu müddət kifayət edir ki, yağ motorda tam dövr etsin. Bu müddətdən artıq gözləmək mənasızdır, əlavə yanacaq sərfiyyatı deməkdir.

Sürücü avtomobili ehtiyatla hərəkətə başlatmalıdır ki, termostat dövriyyəyə keçsin. Qış aylarında bunu hiss etmək asandır. Belə ki, termostat dövriyyəyə keçdiyi zaman maşınınızın salonuna isti hava daxil olacaq. Yay aylarında isə ən azı yarım kilometr getdikdən sonra bunu hiss etmək mümkün olur. Maşını qızdırmaq təkcə motor üçün yox, sürət ötürücüsü, amortizator, sükanın reykası və hidrogücləndirici üçün də faydalıdır.

Avtomobilinizi çox sürətli, ya da çox asta sürməyin...

Əgər siz avtomobilinizi çox gücə salırsınızsa, yaxud maşınınızın motorunu həddindən artıq yükləyirsinizsə, onda bunlara mütləq hazır olun. 30 min kilometr sürdükdən sonra maşında nasazlıqlar başlayacaq. 60-70 min getdikdən sonra isə yavaş-yavaş "yağ yeməyə" başlayacaq. Ancaq avtomobilinizi ehtiyatla idarə etsəniz, maşınınızın "yağ yemə" müddətini ən azı 3 dəfə artıra bilərsiniz. Avtomobilinizin motorunu heç vaxt yükləməmək, hər zaman asta sürətlə idarə etmək də problemlərə səbəb ola bilər. Belə ki, maşını aşağı sürətlə idarə etdikdə, bundan başqa, hər zaman qarşılaşdığımız tıxaclar, avtomobilə lazım olan sərfiyyatı və motora gərəkli temperaturu ötürə bilmir. Nəticədə maşındakı porşen və şamlar vaxtından əvvəl korlanır. Avtomobilinizin işə salınmasında problemlər yaşanır və katalizatorun iş fəaliyyəti azalır. Bunun qarşısını almaq üçün həftə sonları maşınınızı bir qədər uzaq məsafələrə sürün. Bu zaman maşınınız istirahət etmiş olacaq.

Xəbər lenti