Xəzər Xəbər

Daxili işlər naziri Bərdədə vətəndaşları qəbul edib

Gündəm | 16:51 • 27 May 2017
Daxili işlər naziri Bərdədə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 26-27-də Bərdə Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, iki gün davam edən qəbulda Bərdə də daxil olmaqla, bölgənin 12 şəhər və rayonundan müraciət edən 81 nəfər iştirak edib.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.

Tədbirdə iştirak edənlər onlara göstərilən diqqət və qayğıya, yerlərdə davamlı olaraq vətəndaşların qəbulunun təşkilinə, dövlət qurumlarının rəhbərləri tərəfindən ərizə və müraciətlərinə operativ yanaşılmasına, həssas münasibətə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Xəbər lenti