“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının loqosu təqdim olunub

21.07.2018 13:14

İyulun 21-də gələn il Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına rəsmi gerisayım başlayıb. Bununla əlaqədar "Bakı-2019” Avropa Gənclər Olimpiya Festivalının (AGOF) Təşkilat Komitəsi tərəfindən turnirin rəsmi loqosu təqdim edilib.

Komitədən bildiriblər ki, "Leo Burnett” brend agentliyinin dizaynerlərindən ibarət yerli heyətin tərtib etdiyi loqo dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir. Brendin əsas məqsədi beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkənin, şəhərin qədim mədəniyyətini, tarixini əks etdirmək, eyni zamanda, gələn il baş tutacaq idman yarışının bundan əvvəlkilərlə müqayisədə fərqini nümayiş etdirmək və milyonlarla insanı bir araya gətirən idman tədbirində "Bax və hiss et!” şüarını nümayiş etdirməkdir.

Bakının irs və mədəniyyətini (od və qədim Azərbaycan naxışı olan butanı), birlik və dostluq konsepsiyalarını özündə ehtiva edən loqo, eyni zamanda, Azərbaycan paytaxtının möhtəşəm müasir memarlıq nümunələrini (Alov qüllələri və Heydər Əliyev Mərkəzini) təsvir edir. Parlaq rəngləri canlandıran bu loqo yarışlara qatılacaq hər bir iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən əhatəli çalarlar palitrasından ibarətdir.

Azərbaycanın gənclər və idman naziri, "Bakı-2019” Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov bildirib: "Təqdim etdiyimiz bu loqo Azərbaycan mədəniyyətinin təzahürü olmaqla yanaşı, Avropa Olimpiya Hərəkatının əsl ruhunu və bütün dünyanı ilhamlandıran, milyonlarla insanı bir araya gətirməyi bacaran idman mübarizəsini əks etdirir. Böyük idman ənənəsi olan, bir çox mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan Avropanın gənc atletlərini Bakıda salamlamağı səbirsizliklə gözləyir”.

© xezerxeber.az


359 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR