Əli Həsənov: Münaqişə beynəlxalq əməkdaşlığa əsas təhdiddir - VİDEO

22.11.2017 21:21

Yunanıstanın paytaxtı Afina şəhərində "Avro-Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli" mövzusunda XIII yüksək səviyyəli toplantı keçirilir. Beynəlxalq tədbir VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır. Tədbirdə prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da iştirak edib.

Toplantıda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov, Avropa ittifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri iştirak edirlər. Beynəlxalq tədbirin məqsədi aralıq dənizi hövzəsindəki humanitar böhranların qarşısının alınması üçün ideya və təşəbbüsləri bölüşmək, miqrasiya, inteqrasiya, multikulturalizm, xüsusilə də separatizm və öz müqəddəratını təyin etmək məsələlərini müzakirə etməkdir.

Toplantıda çıxış edən prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb ki, müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. O qeyd edib ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən "ikili standartlar" siyasəti etnik separatçılığa qarşı qətiyyətli şəkildə mübarizə aparılmasına maneçilik törədir. Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinin və prinsipiallığının üzərinə kölgə salır.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə maraqlıdır. Onun sözlərinə görə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olub. 2007-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq müqaviləsi "Cənub Qaz Dəhlizi"nin icrası istiqamətində mühüm addımlardan biri olub. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən TANAP və TAP kimi layihələr Avropa İttifaqının lazımi dəstəyini qazanıb və avropa komissiyasının ortaq maraqlara xidmət edən prioritet enerji təhlükəsizliyi layihələri sırasına daxil edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlərin Azərbaycanın Avropa İttifaqı ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə əngəl törətdiyini vurğulayan Əli Həsənov qeyd edib ki, münaqişə ilə bağlı BMT-nin, o cümlədən Aİ-nin müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir.


© xezerxeber.az


191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR