Özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşların pensiyasını mənimsədi - VİDEO

20.09.2017 20:44

Özünü bank əməkdaşı kimi təqdim edərək sakinlərin pensiya kartından xeyli pul çəkib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Gədəbəyin Saratovka kəndində baş verib. Cavid adlı bir nəfər kəndə gələrək özünü banklardan birinin əməkdaşı kimi təqdim edib. O, kəndlilərə sadə şərtlərlə böyük məbləğdə kredit verə biləcəyini deyib. Həmçinin bildirib ki, bunun üçün kredit götürən şəxsin ya özü, ya da onun zamini mütləq əməkhaqqı və ya pensiya kartına sahib olmalıdır.

Sakinləri razı saldıqdan sonra isə onların plastik kartlarının hər iki üzünün şəklini çəkib. Həmin şəxs kənd sakinlərinə hətta əlaqə nömrəsi də verib.

Hər şey isə təqaüdlər hesaba yükləndikdən sonra ortaya çıxıb. Kəndlilər pullarını alarkən vəsaitlərində çatışmazlıq olduğunu görüblər. Məsələ ilə bağlı ilk olaraq banka müraciət ediblər. Bankdan isə bildirilib ki, onların hesabından müxtəlif mobil nömrələrə pul köçürülüb. Özünü Cavid kimi qələmə verən şəxsin telefonuna isə həmin vaxtdan sonra zəng çatmayıb.

Sakinlər fırıldaqçılıqla üzləşdiklərini bildikdən sonra Rayon Polis Şöbəsinə müraciət ediblər. Polis Şöbəsindən "Xəzər Xəbər"ə bildirildi ki, onlara müraciət daxil olandan sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Artıq həmin şəxsin izinə də düşülüb və zəruri istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


519 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR