Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağda iştirakı planlaşdırılmır - AÇIQLAMA

22.10.2020 22:26

Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağda iştirakı planlaşdırılmır, bu mövqe Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılıb, münaqişənin həllində müsbət nəticə əldə etmək üçün indi görülən tədbirlər kifayətedicidir.

Bu barədə Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Andrey Krasnov RİA Novosti agentliyinə bildirib.

Xatırladaq ki, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlər ilə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin jurnalistlərə verdiyi müsahibədə desant çıxarması əməliyyatını Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətə reaksiya verməsinin bir variantı kimi istisna etmədiyini bildirmişdi.

"Konstantin Zatulin Dövlət Dumasının və Dövlət Dumasının Müdafiə komitəsinin rəsmi mövqeyi ilə əlaqəli olmayan şərhi vermək səlahiyyətinə malik deyildi. Hazırda Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya silahlı qüvvələrindən iştirakı planlaşdırılmır. Bu mövqe Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə razılaşdırılıb”, - deyə A.Krasnov vurğulayıb.

O, Dövlət Dumasının rəsmi mövqeyini yalnız onun sədri və ya onun tapşırığı ilə müavinləri və ya ixtisaslaşdırılmış komitənin ifadə edə biləcəyini bildirib. Deputat Rusiya Prezidenti Vladimir Putin, Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun bu münaqişənin həlli, hərbi əməliyyatların dayandırılması və vəziyyətin dinc danışıqlar prosesinə keçirilməsi üçün bütün lazımi tədbirləri gördüklərini də xatırladıb. "Bütün bu tədbirlər müsbət nəticə əldə etmək üçün kifayətedicidir”, - deyə o qeyd edib.

A.Krasov deyib ki, Konstantin Zatulinin Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətə desant çıxarması şəklində reaksiya göstərməsinin mümkün variantlarına dair şərhi işin real vəziyyətinə uyğun deyil. (AZƏRTAC)

© xezerxeber.az


255 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR