Rusiya Ermənistana 400 ton yeni silah verdi - VİDEO

13.08.2020 21:24

Rusiya son bir aya yaxın vaxtda fasiləsiz olaraq Ermənistana 400 tondan çox müasir hərbi texnika və vasitələr hədiyyə edib. Özü də proses Tovuzda aktiv döyüşlərin başladığı bir vaxtda başlayıb və hərbi yüklər Ermənistana gizli şəkildə çatdırılıb. Bütün bunlar isə Azərbaycanın Rusiya ilə əlaqələrə böyük diqqət ayırdığı, bu ölkədə böyük investisiya layihələri icra etdiyi bir vaxtda reallaşıb. Prezident İlham Əliyev Rusiya prezidenti ilə telefon danışığı zamanı bu məsələyə geniş yer ayırıb və Rəsmi Kremlin Ermənistana dəstəyinin ikitərəfli əlaqələrin ruhuna uyğun gəlmədiyini diqqətə çatdırıb. Millət vəkilləri Rusiyanın həmsədr kimi deyil, Ermənistanın dəstəkçisi kimi davranmasının böyük təəssüf doğurduğunu bildiriblər.

 

Əslində hər şey Tovuzda Ermənistan ordusunun Azərbaycan mövqelərinə hücumu ilə başladı. Ermənilər bu istiqamətdə ağır zərbə alaraq geri çəkilməli olduqlarından illərdir vassalı olduqları Rusiyaya hər vəchlə başa salmağa çalışdılar ki, Azərbaycan ordusu 90-cı illərin ordusu deyil və onların təxribatları Kremlin dəstəyi olmadan baş tutmayacaq.

 

 

Yəqin elə Rusiyaya vəziyyəti tam izah edə bildilər ki, nəticəsi də gecikmədi. Elə Tovuzda ağır döyüşlərin getdiyi bir vaxtda iyulun 17-də Rusiyadan Ermənistana 2 yük təyyarəsi həcmində təcili kodu ilə silah-sursat daşındı. Hərbi yüklərin daşındığı marşrut isə birbaşa rəsmi qeydlərdə də öz əksini tapıb. Rusiyanın Mineralnıy Vodı ərazisindən qalxan il-76 yük təyyarələri Qazaxıstan, Türkmənistan, İran ərazisindən keçməklə 2030 km məsafə qət edərək 3 saat yarımdan sonra Mehri və İrəvana çatıb. Bundan sonra isə ard-arda iyulun 18, 20, 27, 29 və avqustun 4-də 1 reys, avqustun 6-da isə 2 reys olmaqla Ermənistana 400 tondan artıq həcmdə hərbi yüklər çatdırılıb. Bu hərbi yüklərdə Rusiyanın müasir, bahalı və real döyüş şəraitində effektiv radioelektron kəşfiyyat vasitələri olan "Krasuxa", "Avtobaza-M" və "Nebo-M" sistemlərinin olması isə Azərbaycanın narahatlığına səbəb olmaya bilməzdi. Məhz prezident İlham Əliyevin Rusiya prezidenti ilə telefon danışığında bu məsələlərin önə çıxarılması da təsadüf deyildi. Dövlət başçısı Azərbaycanın milli mənafeyini şəxsi münasibətlərdən də üstün tutaraq baş verənlərin Azərbaycan ictimaiyyətində ciddi narahatlıq doğurduğunu birbaşa Vladimır Putinin diqqətinə çatdırdı. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun birbaşa Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün seçilən 3 üzvündən biri olan Rusiyanın bu addımının xoşməramlı ikitərəfli əlaqələrin ruhuna heç uyğun gəlmədiyini vurğuladı. Millət vəkili Asim Mollazadə Xəzər Xəbərə müsahibəsində qeyd edir ki, dövlət başçısının bu addımı Azərbaycanın milli maraqlarının hər şeydən öndə gəldiyini göstərir və təəssüf ki, Rusiyanın məsələyə bu cür yanaşması Kremlin münaqişənin həllində sülh tərəfdarı olmadığını ortaya qoyur.

 

Millət vəkili Asim Mollazadə bildirir ki, ATƏT-in Minsk qrupu həmsədrləri indiyədək öz vəzifələrini layiqincə icra edə bilməyiblər. Buna görə bu qurumun fəaliyyəti yenidən nəzərdən keçirilə bilər. Bu zaman münaqişənin həllinə Minsk qrupu üzvü kimi, Türkiyənin əlavə edilməsi münaqişənin həllini sürətləndirər.

 

 

Millət vəkili Rasim Musabəyov isə bildirir ki, Rusiyanın Ermənistana silahları hədiyyə etməsi bu ölkənin Azərbaycan torpaqlarını işğalında faktiki olaraq iştirakı kimi başa düşülür. Bu isə Azərbaycan üçün qəbuledilməzdir.

 

 

Rasim Musabəyov Rusiyanın Ermənistanı silahlandırmasının Azərbaycan-Rusiya əlaqələrinə ciddi zərbə vurduğunu bildirir. Deputatın fikrincə Kreml öz yanaşması ilə Azərbaycanı ikitərəfli əlaqələrə yenidən baxmağa vadar edir.

 

 

Rusiyadan Ermənistana silah tədarükü yeni mövzu deyil. Hələ 1997-ci ildə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Lev Roxlin Rusiyadan Ermənistana 1 milyard ABŞ dolları məbləğində qeyri-qanuni silah göndərilməsi barədə məlumat vermişdi. Həmin vaxt yeni silahlar sənədlərdə istifadəyə yararsız adı ilə dövriyyədən çıxarılaraq Ermənistana hədiyyə kimi verilmişdi. Ümummilli lider Heydər Əliyev bu məsələyə dərhal kəskin reaksiya vermişdi. Azərbaycan tərəfinin etirazından sonra məsələnin araşdırılması üçün Rusiyada komissiya yaradılmış, cinayət işi açılmışdı. Həmin vaxt Vladimir Putin də silah qalmaqalının araşdırılması prosesinə cəlb olunmuşdu.

 

26 ildir ki, Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarması üçün Ermənistana heç bir təzyiq etməyən ATƏT-in Minsk qrupu həmsədrləri onda niyə və kimə lazımdır? Fransa hər açıqlamada erməniləri dəstəkləyirsə, Rusiya hər fürsətdə milyonlarla dollar həcmində silahı ermənilərə pulsuz olaraq verirsə onda deməli belə hakimlər bizə lazım deyil. Buna görə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu həmsədrləri formatı buraxılmalıdır. Çünki, onların fəaliyyəti nəinki münaqişəni həll etdi, əksinə Ermənistan daha böyük avantüralara həvəslənərək ikinci bir Erməni dövləti yaratmaq xülyalarına qapıldı. Tarix bizə göstərdi ki, yeni yaradılacaq formatda mütləq şəkildə Azərbaycanı dəstəkləyəcək Türkiyə olmalıdır. Əks halda digər formatlar status-kvonu qorumaqdan başqa bir işə yaramayacaq.

© xezerxeber.az

FOTOQALERIYA






822 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR