Meksikanın mövqeyi "OPEC+" razılaşmasına təhlükə yaradır

10.04.2020 12:23

Neft hasilatının rekord dərəcədə azaldılmasına dair "OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) anlaşması təhlükə altındadır, çünki Meksika hasilat üzrə məhdudiyyətlərdə iştirak etməkdən imtina edib və ötən gün keçirilən OPEC-in üzv və qeyri-üzv ölkələrin nazirlərinin video-konfransı tərk edib.

Bu barədə "APA-Economics" "Bloomberg"ə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, cümə axşamı günü 9 saatdan çox davam edən videokonfransdan sonra "OPEC+" iştirakçıları may və iyun aylarında hasilatı gündə 10 mln. barel azaltmaq barədə ilkin razılığa gəldilər.

Xartırladaq ki, sözügedən iclasın yekununda yeni "Əməkdaşlıq Bəyannaməsi" Meksikanın təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi"gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutur. Lakin Meksika "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq, bu mərhələlər üzrə müvafiq 400-320-240 min barel həcmlərində müəyyənləşdirilmiş kvotalarla razılaşmayıb. Meksika istisna olmaqla digər "OPEC+" ölkələri gündəlik neft hasilatının müxtəlif müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə ediblər.

Səudiyyə Ərəbistanı şahzadəsi Əbdüləziz bin Salmanın "Reuters"ə dediyinə görə, razılaşma istehsa Meksika tərəfindən qeyd olunan paktın imzalanmasından asılıdır.

"Ümid edirəm ki, (Meksika - red.) bu razılaşmanın faydalarını yalnız Meksika üçün deyil, bütün dünya üçün görəcək. Bütün bu razılaşma Meksikanın razılığından asılıdır", - Səudiyyə Ərəbistanı Energetika naziri bildirib.

Qeyd edək ki, "Əməkdaşlıq Bəyannaməsi" qüvvəyə minəcəyi təqdirdə, "OPEC+" ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 mln. barrel həcmində azaldacaq. Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085 mln. barrel, qeyri-OPEC ölkələri üçün isə 3,915 mln. barel müəyyən edilib. Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

2020-ci ilin iyul-dekabr aylarında isə "OPEC +” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla 8 mln. barel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar OPEC üzrə gündəlik 4,868 mln., qeyri-OPEC üzrə isə 3,132 mln. barel müəyyənləşdirilib. Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barel azaltmaqla 587 min barrel səviyyəsində saxlamalı olacaq.

Əməkdaşlıq Bəyannaməsində 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə "OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 mln. barel azaldılması öz əksini tapıb. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3,651 mln barel, qeyri-OPEC üzrə 2,349 mln barel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə 98 min barel azalma ilə hasilatı 620 min barel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.


© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR