Türk Şurasına üzv ölkələrin liderləri koronavirusla mübarizədə yüksək həmrəylik nümayiş etdirirlər

05.04.2020 21:51

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələr - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, eləcə də müşahidəçi dövlət statusunda olan Macarıstan bütün dünyanı cənginə alan ölümcül yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı problemlərin həllində qətiyyət nümayiş etdirirlər.

Bu fikir Türk Şurasının açıqlamasında yer alıb.

Açıqlamda bildirilir ki, pandemiyanın geniş şəkildə yayılmağa başlamasından bəri türk dünyasının liderləri bir-biri ilə sıx əlaqədə olmuş, aidiyyəti nazirliklərə və qurumlara vətəndaşların təxliyəsinin təşkili, sərhədlərin müvəqqəti bağlanması, beynəlxalq uçuşların dayandırılması, təcrübə və məlumat mübadiləsi, habelə qarşılıqlı tibbi yardım və təchizatla təminat kimi zəruri tədbirlərin görülməsini tapşırıblar. Birgə səylər və əməkdaşlıq çərçivəsində Azərbaycana sınaq dəstləri göndərən, infeksiyaya yoluxan xəstələrə ilkin diaqnoz qoymaq üçün lazımi avadanlıqlar əldə etməsinə kömək göstərən ilk ölkə Türkiyə oldu. Bundan əlavə, Türkiyə Qırğızıstan ilə birlikdə idarə etdiyi Bişkekdəki Qırğız-Türk Dostluq Xəstəxanasının Qırğız Respublikası Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə istifadə olunmasına razılıq verib. Eləcə də Özbəkistan Prezidentinin təşəbbüsü ilə qonşu Qırğızıstana humanitar yardım göndərilib. Həmçinin Qazaxıstan hökuməti Qırğızıstan vətəndaşlarının Çin və Hindistandan hava yolu ilə təxliyə edilməsinə kömək göstərib. Bu çətin dövrdə Türk Şurasına üzv dövlətlər Avropada epidemiyanın yayılmasına dair xəbərlərdən dərhal sonra Macarıstana tibbi yardım göstərən ilk ölkələr olublar. Azərbaycan, Özbəkistan və Türkiyə Macarıstana qoruyucu maskalar daxil olmaqla zəruri tibbi ləvazimatlar çatdırıblar. Macarıstanın Xarici İşlər naziri Peter Siyarto martın 16-da verdiyi bəyanatda köməyə görə Türk Şurasına üzv dövlətlərə minnətdarlığını bildirib. O, bu yardımların türk dünyası ilə güclü həmrəyliyin daha bir göstəricisi olduğunu qeyd edib. Bundan əlavə, Ankarada fəaliyyət göstərən "YDA Group” şirkəti Qazaxıstana tibbi yardım materialları, qoruyucu maskalar, təhlükəsizlik eynəkləri və əlcəklərdən ibarət yardım paketi göndərib.

Açıqlamada, həmçinin üzv ölkələr arasında davamlı və sıx əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə olunur. Bildirilir ki, türk dünyası COVID-19-a qarşı qlobal mübarizədə beynəlxalq ictimaiyyətlə həmrəy olacaq. Baş katib Bağdad Amreyev türk dünyası liderlərinin yaranmış çətinliklərin öhdəsindən gəlmək üçün birgə səyləri davam etdirməkdə qərarlı olduqlarını vurğulayıb. (AZƏRTAC)

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR