NAZİR AÇIQLADI: 1 milyon 350 min insanın maaşı artıb

14.01.2020 14:36

2019-cu ildə sosial sahədə çox dərin islahatlar həyata keçirildi və əhalinin 42 faizinin gündəlik gəlirlərinin, onların rifahının artırılması istiqamətində çox əhəmiyyətli tədbirlər görüldü. Bu islahatların ən böyük qolu, əlbəttə ki, əmək münasibətləri idi.

XəzərXəbər xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bildirib.

Nazir qeyd edib ki, bununla bağlı atılan addımlar nəticəsində 1 milyon 350 min insanın əməkhaqqı ciddi şəkildə artıb: "Minimum əməkhaqqının iki dəfə artması dövlət sektorunda çalışan, müxtəlif kateqoriyada işləyən insanların əməkhaqlarının ciddi şəkildə, 20 faizlə 100 faiz arası artırılması vəAzərbaycanın minimum əməkhaqqına görə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerə çıxması və digər inzibati tədbirlər nəticəsində ölkədə 2019-cu il ərzində 153 min əmək müqaviləsi artdı. Təqdirəlayiqdir ki, bunun 99 mini, yəni, böyük hissəsi məhz özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşdü. Əməkhaqqı fondu 42,3 faiz artdı, bu da çox böyük rəqəm idi, cəmi bir il ərzində əldə olunan nəticədir. Əməkhaqqının sosial ədalətli bölgüsünün göstəricisi olan median əməkhaqqı isə cəmi bir ildə 52 faiz artdı, bu da sosial ədalətin geniş şəkildə tətbiqindən irəli gələn islahatların məhz aztəminatlı kəsimə yönəlməsini göstərən bir göstərici idi. Digər tərəfdən, pensiya sahəsində aparılan islahatlar nəticəsində minimum pensiyanın artımı bizi MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerə çıxarmaqla yanaşı, xüsusi şərtlərlə pensiya təyinatı olan hərbçilərimizi əhatə edən böyük bir kontingentdə də 30 faizlik bir artım oldu. Bu islahatların nəticəsində də ölkədə orta pensiya 2019-cu ildə 15 faiz artdı, yaşa görə pensiya 15 faiz, ən həssas kateqoriya olan əlilliyə görə pensiya isə 22 faiz artdı".

Sahil Babayevin sözlərinə görə, pensiya təyinatının avtomatlaşdırılması nəticəsində 2019-cu ildə pensiya təyinatı alan insanların 80 faizi, təqribən 15 min şəxs üçün məhz proaktiv elektron qaydada - hər hansı bir ünvana getmədən pensiya təyinatı aparılıb: "Sosial müavinətlər və təqaüdlərlə bağlı islahatlara gəldikdə, burada çox böyük bir proqram tətbiq etdiniz və 1,3 milyon insanı əhatə edən geniş bir paket icra olundu. Bu paketin böyük bir hissəsi məhz əlilliyi olan şəxslərə aid idi. Bu sahədə də Sizin tapşırıqlarınıza müvafiq olaraq elektronlaşma tədbirləri görüldü və artıq 2019-cu ilin sonuna 19 növ sosial müavinət və təqaüd elektron qaydada proaktiv şəkildə vətəndaşın hər hansı bir müraciəti olmadan təyin edilməyə başlandı. Ötən il artıq 20 min təyinat bu şəkildə edildi. Bu avtomatlaşma tədbirləri son nəticədə 2020-ci ildə 200 min pensiya, müavinət və təqaüd təyinatının elektron qaydada proaktiv şəkildə aparılmasına imkan verəcək ki, əlbəttə, bu da vətəndaşlarımıza xidmət baxımından çox önəmli bir göstərici olacaqdır.

Ümumilikdə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri proqnozdan 5,4 faiz artıq icra olunaraq 150 milyon əlavə gəlir əldə edildi. Elektronlaşma əsassız pensiya və əlillik təyinatlarının ləğvi nəticəsində xərclər proqnozdan 180 milyon manat aşağı oldu. Bunların nəticəsində 2 dəfə olmaqla ilin ortasında 150 milyon, ilin sonunda isə 170 milyon manat, cəmi 320 milyon manat vəsait dövlət büdcəsinə geri qaytarıldı. Dövlət öhdəliklərinin ödənilməsi üçün nəzərdə tutulan vəsait məbləği bu qədər azaldıldı və Dövlət Sosial Müdafiə Fondunda builki islahatların icrasına yönəldilməsi üçün əlavə olaraq 190 milyon manat ehtiyat yaradıldı".

© xezerxeber.az


911 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR