Ərdoğan “Sülh çeşməsi” əməliyyatının bərpa olunacağını istisna etmir

08.11.2019 16:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada "Sülh çeşməsi” əməliyyatının bərpa olunacağını istisna etmir.

Xezerxeber.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Macarıstandan qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərə deyib.

"Şübhəsiz. Sonuncu terrorçu regionu tərk etməyənə qədər davam edəcəyik. Digər ölkələr Suriyadan çıxmayana qədər biz də çıxmayacağıq. Suriyanın ərazi bütövlüyünü və vahidliyini dəstəkləyirik”, - deyə Rəcəb Tayyib Ərdoğan jurnalistin sualına cavab verərkən bildirib.

Prezidentin sözlərinə görə, Adana sazişinə əsasən, Türkiyə Suriya ərazisində hərbi əməliyyatlar keçirə bilər.

1980-1990-cı illərdə Türkiyə və Suriya arasında münasibətlərdə ciddi gərginlik yaranıb. Ankara Dəməşqi PKK qruplaşmasına dəstək verməkdə ittiham edib. 1998-ci ilin oktyabr ayında Türkiyə PKK-ya dəstəkdən imtina etməsi üçün Suriyaya 45 günlük vaxt verib. Elə həmin il rəsmi Dəməşq PKK lideri Abdullah Öcalanı ölkədən çıxarıb. Bundan sonra iki ölkə arasında münasibətlərdə istiləşmə qeydə alınıb. 1998-ci il oktyabrın 20-də Türkiyə və Suriya arasında Adanada baş tutan danışıqların gedişində təhlükəsizlik məsələləri üzrə birgə protokol və saziş imzalanıb.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması üçün "Sülh çeşməsi” əməliyyatının başladığını elan edib. Həmçinin Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək niyyətindədir.

Oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memoranduma əsasən, Suriyanın hökumət qüvvələri və Rusiya hərbi polisi 150 saat ərzində kürd separatçılarının və silahlarının sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım etməli idi. Lakin kürd separatçıları hələ də öz silahlılarını ölkənin şimal-şərqindən çıxarmayıb.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR