Xəzər Xəbər

Nazir “Əsrin müqaviləsi”ndən danışdı: 143 milyard gəlir...

Gündəm | 14:11 • 19 Sentyabr 2019
Nazir “Əsrin müqaviləsi”ndən danışdı:

Energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib.

Nazir 25 il bundan öncə Azərbaycan tarixində çox əlamətdar hadisə baş verdiyini qeyd edib: "Ulu öndər Heydər Əliyevin rəhbərliyi və özünün birbaşa iştirakı ilə "Əsrin müqaviləsi” imzalandı. Bu müqavilənin imzalanması yalnız və yalnız Heydər Əliyevin qətiyyəti, dövlətçilik təcrübəsi sayəsində baş verdi. "Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi-sosial həyatına öz töhfəsini verdi. Azərbaycanın beynəlxalq aləmdə rolunu möhkəmləndirdi. İlk dəfə Xəzər hövzəsinin təbii ehtiyatlarını beynəlxalq aləmə təqdim etdi. Ulu öndər "Əsrin müqaviləsi” vasitəsilə Azərbaycanın müstəqilliyini möhkəmləndirdi. 25 il sonra bu müqavilə ilə bağlı ulu öndərin bütün ümidləri özünü doğrultdu”.

P.Şahbazov bu layihənin həyata keçirilməsi barədə bəzi faktları açıqlayıb: "Azəri-Çıraq-Günəşli yatağına həmin dövrdə 30 il üçün 36 milyard ABŞ dolları məbləğində sərmayə qoyuldu. Azərbaycan Prezidentinin uzaqgörən neft-qaz siyasəti nəticəsində bu müqavilə 2017-ci ildə daha 32 il müddətinə uzadıldı. Müqaviləyə daha 40 milyard dollar investisiya qoyulacaq. İndiyədək "Əsrin müqaviləsi” ölkəmizə 143 milyard dollardan çox gəlir gətirib. Bu müddət ərzində 492 milyard kubmetr qaz hasil edilib. Ümumilikdə, Azərbaycanın neft-qaz sənayesinə, orta hesabla, 101 milyard dollar investisiya qoyulub”.

Nazir bildirib ki, ən az, 62 illik dövrü əhatə edəcək "Əsrin müqaviləsi”nin unikallığı onun effektivliyində, uzun illər üçün nəzərdə tutulmasındadır.

P.Şahbazov həmçinin sentyabrın 20-də "Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü günü, habelə Neftçilər Günü münasibətilə neftçiləri təbrik edib.

Xəbər lenti

Çox oxunanlar