Peyvənd vurulandan sonra uşaqda ağır xəstəlik yaranıb - İDDİA VƏ CAVAB - VİDEO

12.09.2019 18:54

Lənkəran rayonu, Havzava kənd sakini övladında həkimlərin hələ ki, müəyyən edə bilmədiyi bir xəstəliyin meydana gəldiyini bildirir. O, yaranan xəstəliyə səbəb kimi uşağa vurulan peyvəndi göstərir. Peyvəndi vuran həkim isə deyilənlərlə razılaşmır.

Xezerxeber.az-ın məlumatına görə, körpə oynayır, gülür və normal hərəkətlər edir. O, doğulandan 9 aydan sonra isə sadəcə uzanmış vəziyyətdə ancaq başını və gözlərini tərpədə bilir.

Lənkəranın Havzava kənd sakini Yalçın Həsənov bildirir ki, qızı Damla Həsənzadə ötən ilin yanvarında dünyaya gəlib. Uşağın səhhətində 9 ayına qədər heç bir problem olmayıb. Onun iddiasına görə, 9-cu ayda kənd həkim məntəqəsində vurulan peyvənd körpənin orqanizmində bir sıra fəsadların yaranmasına səbəb olub.

Valideynin dediyinə görə, peyvənddən sonra uşaqda narahatlıq əmələ gəlib. Ardınca isə əl-ayağında qıcolmalar baş verib. Bir müddət əvvəl isə körpənin görmə qabiliyyətinin itdiyi də aşkara çıxıb.

Məsələ ilə bağlı Havzava kənd həkim məntəqəsinin baş həkimi Təliqə Mirzəyeva bildirib ki, həmin körpəyə bundan əvvəl də peyvəndlər vurulub və heç bir əlavə təsir müşahidə olunmayıb. Həkimin fikrincə, ümumiyyətlə, həmin peyvənd bu cür fəsadlara səbəb ola bilməz.

Yalçın Həsənov qızının müalicəsi üçün yerli həkimlərlə yanaşı, xaricdəki tibb müəssisələrinə də üz tutub. Amma dediyinə görə, hələ ki, müalicəsi effekt vermir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






366 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR