Metro yay qrafikinə keçir - QATAR SAYI AZALIR, İNTERVAL ARTIR

18.06.2019 15:13

Yay mövsümünün başlanması və sərnişin sayının azalması ilə əlaqədar olaraq, iyul ayının əvvəlindən metropoliten qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək.

XəzərXəbər xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar MəmmədovModern.az-ın sorğusuna cavab olaraq bildirib.

B.Məmmədov deyib ki, qrafik bir qayda olaraq, sərnişin axınının optimal şəkildə təmin olunması məqsədini daşımaqla yay və qış mövsümü üçün ayrıca tərtib edilir:

"Hazırda monitorinqlər davam etdirilir. "Bakı Metropoliteni” QSC-nin sədrinin əmrinə əsasən, iyul ayının 1-dən metropolitendə qatarların hərəkətinin yay qrafikinə keçiləcək. Yay qrafikinə uyğun olaraq, xəttə əvvəlkinə nisbətən az sayda qatar buraxılacaq. Bu da qatarlararası intervalların cüzi artmasına səbəb olacaq. Yəni, sərnişinlərin əsas axın saatlarında "Həzi Aslanov” stansiyasından "28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı fasilə, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə olacaq. Sərnişinlərin az olduğu səhər və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət təşkil ediləcək.

"28 May” stansiyasında yol, "İçərişəhər” və "Dərnəgül” stansiyalarına doğru olmaqla, 2 istiqamətə ayrıldığına görə, həmin istiqamətlərdə qatarlararası intervallar iki dəfə böyüməklə, gur vaxtlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq”.

Metropoliten rəsmisinin sözlərinə görə, yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə olacaq.

© xezerxeber.az


336 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR