Bakı sakinini hədələyib 165 min manat pulunu alıblar

15.04.2019 15:07

Paytaxtda 2 nəfər şəxs təhdid yolu ilə 165 min manat pul mənimsəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini A.Əliyev 2018-ci ilin noyabr ayından 2019-cu il fevral ayının 5-dək olan müddətdə 2 nəfərin ona hədə-qorxu gələrək 165000 manat pulunu aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Əsədov və A.İbrahimli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Şəxsi axtarış zamanı O.Əsədovdan və A.İbrahimlidən narkotik vasitə olan heroin və metamfetamin aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.3.2 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

© xezerxeber.az


218 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR