DTX İkram Rəhimovun həbsi ilə bağlı əlavə məlumat yaydı - VİDEO

12.02.2019 19:30

Dövlət Təhlükəsizlik Xidməti çoxsaylı şikayətlər əsasında reketlik fəaliyyəti ilə məşğul olmaqda ittiham edilən reallıq.info saytının baş redaktoru İkram Rəhimovun həbsi ilə bağlı əlavə məlumat yayıb.

Məlumatlarda onun vətəndaşları şantaj etməsi ilə bağlı səs yazıları da yer alıb.

Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, "reallıq.info" adlı saytın baş redaktoru İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi pul götürüb.

İkram Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul əldə edib.

Daha sonra, İkram Rəhimov 2017-ci ilin dekabr ayında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul alıb.

Bundan əlavə, İkram Rəhimov 2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən, guya müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul tələb edərək alıb. İkram Rəhimov barəsində araşdırmalar davam etdirilir.

© xezerxeber.az


555 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR