Milli Məclisin deputatları Rusiya Dumasına müraciət imzaladılar - VİDEO

12.10.2018 20:55

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin sədr müavini Svetlana Jurovanın Dağlıq Qarabağa səfəri geniş müzakirə edilib. Millət vəkilləri Rusiya parlamentinin üzvünün bu addımını sərt tənqid ediblər. Bununla bağlı dumanın sədrinə müraciət də hazırlanıb. Cari məsələlərdən sonra qanun layihələrinə təklif edilən dəyişikliklər müzakirə edilib.

"Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir. Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin də görüşü bunu bir daha göstərir. Amma oktyabrın 7-də bir qrup rusiyalı qadın Azərbaycanın işğal olunmuş ərazisinə - Dağlıq Qarabağa qanunsuz səfər edib". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Azərbaycan-Rusiya parlamentlərarasi əlaqələr üzrə işçi qrupunun üzvü Sevinc Hüseynova deyib.

Millət vəkili bildirib ki, həmin qrupda Rusiya Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitəsinin sədr müavini Svetlana Jurova da olub. Ermənilərin törətdikləri Xocalı soyqırımını xatırladan Sevinc Hüseynova bu soyqırımına məruz qalanlar arasında rusların da olduğunu deyib və bu vəziyyətdə rusiyalı qadınların Dağlıq Qarabağa səfərindən təəssüfləndiyini bildirib. Məsələyə münasibət bildirən millət vəkili, Azərbaycan-Rusiya parlamentlərarasi əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib ki, işçi qrup tərəfindən həm Dumanın sədrinə, həm də digər komitələrə müraciət hazırlanıb.

Daha sonra müxtəlif qanun layihələrinə təklif edilən dəyişikliklər müzakirə edilib. Cəzaların icrası məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edən millət vəkili Siyavuş Novruzov bəzi cinayətlərə görə tətbiq edilən cəzaların ağırlaşdırılmasının tərəfdarı olduğunu vurğulayıb. Millət vəkili xüsusilə mənzil satışı zamanı dələduzluqla məşğul olanlara qarşı sərt tədbirlərin görülməsinin vacib olduğunu deyib.

Deputat təklif edib ki, belə halların qarşısını almaq üçün bina tikilməsi üçün müraciət edən insanlar yoxlanılmalıdır. Yəni müraciət edənlərin tikintinin yekunlaşdırılması üçün imkanlarının olub-olmadığı araşdırılmalıdır.

Daha sonra plenar iclas digər qanun layihələrinin müzakirəsi ilə öz işini davam etdirib. Parlamentin növbəti plenar iclası oktyabrın 16-da keçiriləcək.

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR