“TANAP möhtəşəm layihədir” - Mövlud Çavuşoğlu

13.06.2018 15:28

Biz istəyirik ki, qardaş Azərbaycandan daha çox neft və qaz alaq. Yenicə istifadəyə verilmiş TANAP buna əlverişli imkan yaradır. Bu, möhtəşəm bir layihədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyə və Azərbaycanın bir sıra ortaq layihələr həyata keçirdiyini qeyd edən nazir TANAP-ın belə mühüm layihələrdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, ötən ilin sonunda Bakı-Tbilisi-Qars layihəsinin açılışı oldu. Bu da böyük ortaq layihəmizdir. Bizim nəqliyyat layihələrində güclü iş birliyimiz var. Tarixi İpək yolunu dəmir yolu vasitəsilə yenidən həyata keçiririk.

Mövlud Çavuşoğlu vurğulayıb ki, Azərbaycanda hər sahədə inkişaf gedir. Ölkələrimiz qarşılıqlı şəkildə investisiyalar yatırırlar. Bizim bütün sahələrdə yaxın əməkdaşlığımız var. Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Bizim birimizin sabitliyi və əmin-amanlığı, digərimizin sabitliyi və əmin-amanlığıdır. Qarabağ məsələsi təkcə Azərbaycanın məsələsi deyil. Azərbaycanın torpaqlarının işğalı bizim də problemimizdir.

Nazir qeyd edib ki, Bakıda yerləşən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu vasitəsilə türk dünyasının ortaq dəyərləri öyrənilir. Bu istiqamətdə də əməkdaşlıqlar həyata keçirilir.

© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR