“Beşiktaş” 20 milyonluq futbolçu üçün hərəkətə keçdi

14.02.2018 18:55

"Beşiktaş” uğursuz keçən mövsümdən sonra bu il Super Liqada atdığı qollarla azarkeşlərin bir daha sevgisini qazanan mərkəz oyunçusu Anderson Taliskanı heyətinə qatmağa hazırlaşır.

Hazırda müqavilə əsasında "Benfika”ya məxsus olan braziliyalı futbolçunun transfer hüququ üçün 20 milyon avro tələb edilir.

"Beşiktaş”ın idarə heyəti klubun prezidenti Fikrət Ormana müraciət yollayaraq azarkeşlərin israrını və Taliskanın komandada qalmaq istədiyini bildiriblər. Onlar "Benfika”nın tələb etdiyi 20 milyon avronu kredit şəklində ödəməyi tövsiyə ediblər. İdarə heyəti Taliskanın istedadlı bir futbolçu olduğunu və gələcəkdə 40 milyon avro qarşılığında sata biləcəklərini düşünür. "Beşiktaş”ın iki mövsümlük icarəyə götürdüyü oyunçunu transfer etmək üçün 30 may tarixinə qədər zamanı var. Çünki həmin vaxtda A.Taliskanın Portuqaliya klubu ilə müqavilə müddəti başa çatır.

Klubun prezidenti Fikret Orman isə Amerikaya edəcəyi səfərdən sonra Portuqaliyaya gedib "Benfika” klubu ilə üz-üzə görüşəcəyini bildirib. Daha sonra isə yazılı şəkildə müraciət edəcəyini əlavə edib.

Qeyd edək ki, Taliska "Beşiktaş”a keçdiyi gündən azarkeşlərin böyük sevgisini qazanıb. "Qara qartallar” onun transfer hüququnu almaq üçün marketlərdə ianə qutusu da qoyublar.

"Transfermarkt"ın 16 milyon avro qiymət qoyduğu mərkəz hücumçusu ilə son olaraq "Mançester Siti" və "Mançester Yunayted" maraqlanırdı. "Beşiktaş" bu transferi gerçəkləşdirəcəyi təqdirdə tarixinin ən bahalı oyunçusunu almış olacaq.

© xezerxeber.az


391 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR