Azərbaycan və Qazaxıstan "Yol xəritəsi” imzalayıblar

07.12.2017 15:21

Azərbaycan və Qazaxıstan əlaqələrin intensivləşdirilməsi üzrə "Yol xəritəsi” imzalayıblar.

Xezerxeber.az məlumat verir ki, imzalanma Bakıda keçirilən Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası çərçivəsində həyata keçirilib.

İmzalanan sənədi Azərbaycanın energetika naziri, hökumətlərarası komissiyanın həmsədri Pərviz Şahbazov jurnalistlərə şərh edib. "Biz "Yol xəritəsi” formasında tədbirlər planı qəbul etdik. Bu sənəd əsasında bir çox sahələr üzrə konkret əməkdaşlıq edəcəyik. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu ilin aprel ayında Azərbaycana səfəri zamanı hər iki ölkənin dövlət başçısı tərəfindən hökumətlərarası komissiyaya Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından istifadə məqsədilə mühüm tapşırıqlar verilmişdi. Bununla bağlı hökumətlərarası komissiyaya tapşırıq verilmişdi ki, bu il ərzində görüşlər keçirilsin və əməkdaşlığın bütün sahələri üzrə konkret razılaşmalar əldə edilsin. Qəbul olunmuş "Yol xəritəsi”nə uyğun olaraq biz Qazaxıstan Respublikası ilə bir çox sahələrdə konkret addımlar atacağıq. Bu sənəd ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahələrdə də əməkdaşlığı əhatə edir. Bunlar kənd təsərrüfatı, nəqliyyat, energetika, turizm, təhsil və digər sahələrdi”, - deyə nazir bildirib.

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR