Pensiya necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 12:07

"Ümumilikdə Dövlət Sosial Müdafiə Fondunun sosial xərclər istiqamətinə 2,2 mlrd. manat vəsait nəzərdə tutulub. Bu vəsaitin 1,3 milyard manatı Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dövlət büdcəsindən veriləcək vəsait şəklində olacaq. İlk dəfə olaraq burda dövlət büdcəsindən transfert anlayışı yoxdur. Bunun yerinə DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsi öhdəliklərindən bura yönəldilən vəsait qeyd olunub. Bu, "Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərlə bağlıdır”.

Bunu parlamentdə çıxışında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, 2017-ci ilin iyulun 1-dən qüvvəyə minmiş həmin dəyişikliklərə görə, artıq pensiyaların maliyyələşdirilməsində dəqiq bölgü prinsipi var. Onun sözlərinə görə, pensiyaların 1992-ci ilə qədər olan stajlar üzrə formalaşan öhdəlikləri, o cümlədən, dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyadan olan şəxslərin pensiyalarına verilən əlavələr dövlətin öhdəlikləri hesab edilib:

"Bu, "Əmək pensiyaları haqqında” qanunun 6-cı maddəsində dəqiq şəkildə ifadəsini tapıb. Hazırda biz Maliyyə Nazirliyi ilə birlikdə 1 milyon 330 min nəfərə yaxın pensiyaçının hər birini birlikdə araşdırırıq. Bunun üçün yaxın vaxtlarda Nazirlər Kabinetinin xüsusi qərarı ilə bir komissiya yaradılıb. Biz nəzərdə tuturuq ki, 6 ay ərzində 1 milyon 330 min pensiyaçının hər birinə baxaq və hər bir pensiya işində 1992-ci ilə qədər olan dövrdə neçə il staj varsa, onu tapaq. Ümumilikdə, bu gün 2006-cı ilə qədər dövr üçün hər bir il staj üzrə 4 manat 16 qəpik pensiya verilir. O cümlədən bunun içərisində 1992-ci ilə qədər olan dövr var. 1992-ci ilə qədər olan dövrdə, yəni sovet dövründə sosial sığorta sistemi olmayıb. Amma hökumət həmin dövrə pensiya verməyi öz üzərinə götürdüyünə görə dövlət büdcəsinin öhdəliyi sayılır. Bu komissiya işini bitirdikdə, tam məbləğ ortaya çıxacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz bunu hesablamışıq və məbləği çıxarmışıq. Amma ümumilikdə bu borc dövlət büdcəsinin borcu, öhdəlikləri olduğuna görə belə qərara gəldik ki, komissiya yaradılsın. Komissiya 1 il müddətində bu məsələyə baxsın. Bundan sonra hər ilin dövlət büdcəsində dövlətin öhdəliklərinin nə qədər olduğu və nəyin hesabına formalaşmasını dəqiq yazmaq mümkün olacaq”.

© xezerxeber.az


1792 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR