“Bizim iqtisadi siyasətimiz mükəmməldir” - İlham Əliyev

15.11.2017 09:24

"Bu 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20 faizinə bərabərdir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini təşkil edir"

XəzərXəbər xəbər verir ki, bu faktları Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində səsləndirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın uğurları beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Forumunun son hesablamalarında iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. "Bu rəqəm deməyə əsas verir ki, bizim iqtisadi siyasətimiz mükəmməldir. Bu, ölkəmizin ümumi inkişafında, insanların rifah halının yaxşılaşmasında öz əksini tapır. Energetika, nəqliyyat sahələrində görülmüş işlər haqqında deyə bilərəm ki, son vaxtlar bir çox yeniliklər baş vermişdir. Yəni, bir sözlə, Azərbaycan bütün sahələr üzrə, o cümlədən hərbi-texniki sahədə böyük uğurlara nail ola bilibdir”, - deyə Prezident İlham Əliyev bildirib.

Bu uğurların təməlinin 1992-ci ilin noyabrında qoyulduğunu qeyd edən dövlətimizin başçısı vurğulayıb ki, o vaxt Yeni Azərbaycan Partiyasının yaradılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruya və möhkəmləndirə bilib. Bu gün bütün dünya görür ki, Azərbaycan özünə güvənən, öz daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı olan güclü dünyəvi dövlətə çevrilib.

© xezerxeber.az


35 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR