"Həmin şoudan sonra həyatım dəyişdi"

14.11.2017 14:14

Eurasia Diary oxucularına "Maşın Şou”nun qalibi, müğənni-bəstəkar Talıb Tale ilə müsahibəni təqdim edir:
-Bildiyimə görə, "Maşın Şou”nun ilk təklifini qəbul etməmisiniz. Amma növbəti dəfə təklif gələndə müsbət cavab vermisiniz. Səbəb nə idi?

-İlk dəvət zamanı Rusiyada konsertlərim var idi. Vaxtı da təyin olunmuşdu. Bir az da tərəddüd edirdim deyə ilk təklifdən imtina etdim.

-Növbəti təklifi qəbul edəndə qalib olacağınıza inanırdınızmı?

-Xeyr. İnanmırdım. İnamım çox az idi. Dedim gedib ab-havaya baxım. Qismət. Oyuna düşdünsə gərək oyunun qaydalarına uyğun oynayasan.

-Oyunda iştirak etmək çətin idimi?

-Bəli çətinliklər oldu.

-Nə idi çətinliklər?

-Çətinliklər? İradə, dözümlülük lazım idi, hövsələ lazım idi, fiziki dözümlülük lazım idi.

-Bəzi şayiələrə görə, guya şouda hər şeyi Murad Dadaşov həll edir. Bu doğrudurmu?

-Murad Dadaşov əlbəttə hər şeyi həll edir. Amma baxır nə baxımından.

-Qalibi o müəyyənləşdirir?

-Xeyr. Qətiyyən.

-Bəs kim müəyyənləşdirir?

-Tamaşaçılar, oyunçular. Murad Dadaşov işini sevir və öhdəsindən lazımınca gəlir. Ona görə də o cür maraqlı şou alınır.
-Bəzi məlumatlara görə, sms səslərinin yığılması üçün iştirakçı özü pul ödəyir və şouda qalır. Belə hal olubmu sizdə?

-Vallah bu barədə danışanda əsəbləşirəm. Bu necə ola bilər axı ?!

-Bəs maşının qəzaya düşməsi nə söhbət idi?

-O da yalan idi, elə bir şey yox idi. Bəzi saytlar mövzu axtarırlar. Mənə xoş gəlməyən bilirsiz nədir? Hamı "Maşın Şou" barədə soruşur. Reytinq xətrinə belə məlumatlar yazırlar. Halbuki, "Maşın Şou”danəvvəl hamısı özlərini yuxarıdan aparırdı. Bu mövzularda danışmaq mənim üçün xoş deyil.

-Mənimlə razılaşırsınızmı ki,"Maşın Şou”nun qaliblər arasında sizin qədər gündəmdə olan, sizin qədər populyar olanı olmadı?

-Düzü əvvəlki şouları izləməmişəm. Hər halda bunu kənardan baxanlar bilir. Şoudan sonra həyatımda çox şey dəyişib. Mənə qarşı insanların münasibəti çox dəyişib. Hətta bu dərəcədə olacağını belə gözləməzdim.

-"Maşın Şou”danyenə dəvət gəlsə gedərdinizmi?

-Yox getmərəm. Hətta qalib olmasam belə getməzdim. Bir dəfə kifayətdir.

-Şoudan sonra telefonunuzun itdiyini bildirmişdiz. Tapıldımı?

-Yox tapılmadı. İçərisində çox vacib bəstələrim var idi. Əsas ona görə heyfsilənirəm.

-Nəyə görə fəaliyyətinizə YouTube-dən başladınız. Efirlərə niyə çıxmırdız?

-Hazırda tanınmaq üçün ilk növbədə yaxşı maliyyə lazımdır. Çünki pul verib mahnı almalısan, aranjeman etdirməlisən, radiolarda səsləndirməlisən, efirlərə çıxmalısan. İlkin mərhələdə bunların hər birinə pul lazımdır. Mən də mahnılarımı özüm yazdım,aranjemanı özüm etdim. Eyni zamanda efirlərə çıxmağa cəhd elədim. Efirə çıxmaq üçün məndən müəyyən məbləğ istədilər. Mən isə həmin məbləği efirlərə yox, klip çəkilişinə yönəltdim. Bəzi telekanallar isə pul istəməsələr də yuxarıdan-aşağı baxırdılar.

-Bəs hazırda necədir vəziyyət? Yenə sizdən müəyyən məbləğ tələb edirlər, yuxarıdan aşağıya baxırlar?

-Yox-yox dəvət edirlər. Amma indi mən efirə çıxmaq istəmirəm. Daha doğrusu "Maşın Şou"dan əvvəl dəvət olunduğum bütün verilişlərə getdim. Ondan sonra dəvət olunanlara isə getmirəm. Hazırda yeni kliplərlə görünmək istəyirəm.

-Niyə imtina edirsiniz efirlərdən?

-Mən xoşlamıram, xarakterimə uyğun deyil çıxım, oturum, danışım. Yaxud da otaq şəraitində veriliş gedir orada fanoqram oxuyum. Bunu xoşlamıram.
-Bir az da yaradıcılığınızdan danışaq. Hansı yenilikləriniz olacaq?

Hazırda kliplər üzərində işləyirik, Özüm çəkiliş avadanlığı almışam, İstəyirəm mahnılar öz məhsulum olduğu kimi, kliplərimi də öz yaradıcı heyətimiz hazırlasın. Bakıda konsert verməyi planlaşdırıram. Bu həftə vaxtı bəlli olacaq. Məkan isə Heydər Əliyev Sarayı olacaq.

-Səmimi müsahibə üçün təşəkkürlər!

Sevinc İsgəndərova , Eurasia Diary

© xezerxeber.az


976 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR