General: “Türkiyənin İdlibdə qazanacağı uğur onu Suriyanın gələcəyində söz sahibi edəcək”

13.10.2017 16:30

"İdlib əməliyyatı ilə Türkiyə bir neçə təhlükəni aradan qaldıraraq Suriyadakı siyasi çözümdə söz sahibi olacaq”.
 
Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmail Hakkı Pekin deyib.
 
"Türk ordusunun İdlibdə keçirdiyi əməliyyat hansı proseslərin nəticəsidir, kifayət qədər hərbi hazırlıq aparılıbmı, əməliyyatın hədəfi nədir?” sualına İ. H. Pekin belə cavab verib:
 
"İdlib əməliyyatı Türkiyə, Rusiya və İranın Astanada əldə etdikləri razılaşma nəticəsində həyata keçirilir, Suriyanın şimalında "döyüşsüz bölgə” yaradılması və Türkiyənin oraya nəzarət etməsi qərarlaşdırılıb. Əməliyyat üçün Türk Silahlı Qüvvələri kifayət qədər hazırlıq görüb, 14 yerdə nəzarət nöqtələri yaradılıb. Türk ordusu orada birbaşa döyüşə girməyəcək, İdlib vilayətini terrorçulardan təmizləyən qüvvələrə dəstək verəcək. Ehtiyac yaranması halında türk ordusu da birbaşa döyüşlərə girəcək. İdlib çox qarışıq yerdir, Suriyanın digər bölgələri terrorçulardan təmizləndikcə hamı oraya üz tutdu. İndi orada 12 müxtəlif terror təşkilatının varlığından söhbət gedir, onların arasında "əl-Qauda”, "ən-Nusra” kimi ən təhlükəli terror təşkilatları var, hal-hazırda onlar tərəfindən hər hansı aksiyaya şahid olmasaq da, Türkiyənin terrorçulara qarşı mübarizədə dəqiq taktikalar izləməsi lazımdır. Digər tərəfdən, döyüşlərin başlaması halında o bölgədən 2 milyon insanın qaçqın kimi Türkiyəyə gəlməsi təhlükəsi var”.
 
İstefada olan general bildirib ki, İdlib əməliyyatı Türkiyənin maraqları baxımından çox önəmlidir: "Çünki Türkiyə bu əməliyyatla PYD/YPG terror təşkilatının o bölgədə kanton quraraq dənizə açılmalarını əngəlləyir. İkincisi, daha əvvəl həyata keçirdiyi "Fərat qalxanı” hərəkatıyla Afrində kanton yaratma  təşəbbüsünü əngəlləyən Türkiyə indiki əməliyyatla o kantonların birləşmə ehtimalını da aradan qaldırır. Türkiyə bu əməliyyatla Afrini mühasirəyə alaraq terrorçuların Hatay bölgəsində yaratmağa çalışdıqları narahatlıqların qabağını alır. İdlib əməliyyatı çox gərəkli və vacib əməliyyat olub, Türkiyənin orada qazanacağı uğur Suriyanın gələcəyinin müəyyənləşdirilməsində Rusiya və İranla birlikdə Türkiyəni də önəmli dərəcədə söz sahibi edəcək. Əməliyyat Suriyadakı siyasi çözüm axtarışlarında tərəflərin hamısına örnək olacaq”.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR