Qubada 5 istiqamətdə 36,4 kilometrlik yolun tikintisi yekunlaşır - FOTO

13.10.2017 11:25

Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi "Azəravtoyol” ASC tərəfindən yekunlaşmaq üzrədir. Artıq sözügedən yollar boyu son tamamlanma işləri görülür.

ASC- nin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Rustov kəndindən 5 istiqamətdə 36,4 kilometrlik yolun tikintisi artıq yekunlaşdırılır. Bura 16 kilometrlik Rustov-Xanəgah-Gürdəh, 6,5 kilometrlik Rustov-Nöydün-Şuduq, 5,3 kilometrlik Rustov-Bağçalı-Yekdar, 3,1 kilometrlik Rustov-Hacıağalar-Qamqam, 3 kilometrlik Rustov-Məckəxacə yolları və 2,5 kilometrlik uzunluğa malik kənddaxili yollar daxildir.

Layihə çərçivəsində sözügedən yollar 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Aparılan işlər zamanı yol yatağının eni genişləndirilərək 10 metrə çatdırılıb, yeni yol əsası inşa edilib. Hazırda yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edir.

Aparılan tikinti işləri çərçivəsində Rustov kəndində 9 və 18 metr uzunluğunda 2 körpü, Rustov-Gürdəh yolunda 18 metr uzunluğunda 1 körpü, Aşağı və Yuxarı Xanəgah kəndlərində 9 metr uzunluğunda 2 körpü, Baxçalı yolunda isə 5 metr uzunluğunda 1 körpü inşa edilib.

Hər bir körpünün ümumi eni 9 metr, hərəkət hissəsinin eni 7 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün körpülərdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də qurulub. Bundan başqa, hər 5 istiqamət üzrə yolların altından suların ötürülməsi üçün 36 ədəd 300 millimetr, 78 ədəd 500 millimetr və 12 ədəd 1000 millimetr diametrlik su ötürücü boruların tikintisi də aparılıb.

Həmçinin yol boyu 2 qat olmaqla 200 min kvadratmetr sahənin asfaltlanması işləri aparılaraq yekunlaşdırılıb. Yaxın günlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanması xətləri çəkiləcək.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə həyata keçirilib.

Qeyd olunub ki, sözügedən avtomobil yollarının salınması ilə 12 yaşayış məntəqəsinin 6 mindən artıq əhalisinin Quba şəhərinə gediş-gəlişi xeyli rahatlaşır, yük və sərnişin daşıması asanlaşır. Bundan başqa, yeni yolların tikintisi bölgənin turizm potensialının artmasına, kənd təsərrüfatının inkişafına və insanların həyat şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq.

© xezerxeber.az

FOTOQALERIYA






208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR