Dövlət qulluğu haqqında qanunvericiliyə dəyişikliklər edilir - YENİ LAYİHƏ

14.09.2017 10:35

Azərbaycanda dövlət qulluğu haqqında qanunvericiliyə müvafiq dəyişikliklərin layihəsi işlənib hazırlanıb. 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov bildirib ki, bu dəyişikliklərin hazırlanması istiqamətində işlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi (AZ/15/ENP/OT/40) çərçivəsində aparılıb. Onun sözlərinə görə, layihə dövlət qulluğunda islahatların aparılmasına yönəlib: "Layihə 2016-cı ilin 17 noyabr tarixindən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən Litva Dövlət Katibliyi, Litva Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi ilə birgə həyata keçirilir. Bu istiqamətdə dövlət qulluğu vəzifələrinin funksiyalarının məzmununa görə sahələr üzrə qruplaşdırılması, həmçinin, yen qruplaşdırma sisteminin dövlət qulluğuna qəbulda, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində və onların əməyinin ödənilməsində tətbiqinə dair təkliflərin verilməsi nəzərdə tutulur. Layihə çərçivəsində bu gün tədbirin keçirilməsində məqsəd onun dövlət qulluğu vəzifələrinin məzmununa görə sahələr üzrə qruplaşdırılması ilə bağlı 1-ci komponenti çərçivəsində görülmüş işlər barədə ictimaiyyəti məlumatlandırmaq və dövlət orqanlarının nümayəndələri ilə əldə edilmiş nəticələr barədə birgə müzakirələr aparmaqdır. Onun 1-ci komponentinin həyata keçirilməsi üçün Azərbaycanın İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pilot orqan kimi seçilib”.
Tədbirin davamında mərkəzi icra hakimiyyəti orqanlarının insan resurslarının idarə edilməsi üzrə bölmələrinin və DİM-in nümayəndələri, Litvadan olan ekspertlər, Rezident Tvinninq Müşaviri və Tvinninq layihəsinin işçiləri çıxış edərək layihə barədə qarşılıqlı fikir mübadiləsi aparıb.

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR