"İyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var".
Xezerxeber.az məlumat verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədirlər. O da qeyd olunub ki, düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir.
Ermənistan mediası da öz itkilərini etiraf edən materiallar yayıb. Hətta ölən şəxslərin adlarını açıqlayıb. Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.
Azərbaycanın Xarici İşlər Nazirliyi də cəbhə xəttində vəziyyətin gərginləşməsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.
"15 iyun tarixindən etibarən cəbhədə vəziyyətin inkişaf xronikası açıq şəkildə göstərir ki, atəşkəsin pozulması və təxribatların törədilməsinin təşəbbüskarı məhz Ermənistan tərəfidir. Bununla Ermənistanın atəşkəsin birinci kimin tərəfindən pozulması barəsində mifik propaqanda iddiaları növbəti dəfə tamamilə alt-üst olur",- deyə Hikmət Hacıyev bildirib.
XİN rəsmisi vurğulayıb ki, bu təxribatların ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə düşməsi də təsadüfi deyil. Belə ki, Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status kvonu saxlamağa çalışır.
Azərbaycan Müdafiə
Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə
bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: