Xəzər Xəbər

Prezidentin Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir VİDEO

Veb TV | 21:28 • 13 Yanvar 2021
Prezidentin Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir

 

Prezident İlham Əliyevin Moskvaya səfər etməsi və ikitərəfli, üçtərəfli görüşlərin keçirilməsi ölkəmizin növbəti diplomatik qələbəsidir. Çünki qəbul edilən bəyanatla bir daha təsdiq edildi ki, regionun gələcəyi məhz Azərbaycandan asılıdır. Ermənistan isə nə qədər ki, gec deyil yaranmış vəziyyətdən dərs çıxarmalıdır. Mövzunu Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərası əlaqələr komitəsinin sədri Səməd Seyidov şərh edib.

 

Prezident İlham Əliyevin son görüşləri Azərbaycanın milli maraqlarının tam şəkildə nümayiş etdirilməsi və qazanılmış qələbənin nə dərəcədə əhəmiyyətli olması ilə bağlı dünyaya növbəti bir mesajın idi. Bunu Milli Məclisin Beynəlxalq Münasibətlər və parlamentlərası əlaqələr komitəsinin sədri, Millət vəkili Səməd Seyidov Prezident İlham Əliyevin Moskva səfərini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, ölkə başçısının Moskvaya səfəri Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir. Çünki imzalanan Üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, ümumilikdə görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir. Bu görüşdə Prezident İlham Əliyev qalib dövlət rəhbəri statusundan çıxış edərək Paşinyanı aşağılamadı, onu çıxılmaz duruma salmadı. Onun davranışları və nitqləri Azərbaycanın uzunmüddətli sülh, əməkdaşlıq və iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarı olduğunu göstərdi. Bu baxımdan Ermənistan hakimiyyəti bundan sonra da ümumi proseslərdən ciddi nəticə çıxarmalıdır.

 

Keçirilən Moskva görüşü həm də Ermənistanın baş naziri Nikol Paşinyanın məyus durumu ilə yadda qaldı. Səməd Seyidov deyir ki, liderlərin mətbuat üçün bəyanatları zamanı Paşinyanın qaldırdığı məsələlər ümumiyyətlə müzakirə mövzusu deyil. Elə bunu Rusiya Prezidenti Vladirmir Putinin çıxışlarından da görmək mümkündür. Çünki o, heç bir çıxışında status və digər bu kimi məsələlərə ümumiyyətlə toxunmadı. Hətta həmin məsələlər birgə bəyanatda da əksini tapmadı.

 

Bundan başqa, Nikol Paşinyanın ofisinin yaydığı məlumatlar daxili auditoriyaya hesablanıb. Ancaq bütün bunlara baxmayaraq, hazırda da Ermənistanda gərgin vəziyyət davam edir. Demək olar ki, ölkənin siyasi, iqtisadi və sosial həyatı iflic vəziyyətə düşüb. Ermənistanın bu vəziyyətdən necə çıxacağı isə sual altındandır.

 

Xəbər lenti