Xəzər Xəbər

Dəmir Yolu Vağzalında pullu parkinq yaradıldı VİDEO

Veb TV | 21:11 • 13 Yanvar 2021
Dəmir Yolu Vağzalında pullu parkinq yaradıldı

Bakı Dəmir Yolu Vağzalının ərazisində müasir parklanma sahələri yaradılır. Yaradılacaq 3 müasir parklanma sahəsindən biri artıq hazırdır. Bu dayanacaqda avtomobil saxlamağın qiyməti isə 1-5 manat arasında dəyişir.


Günün pik saatlarında metronun ''28-may'' stansiyası yaxınlığında xaotik hərəkətin və tıxacların aradan qaldırılması üçün müasir dayanacaq təşkil edilib


Şlaqbaum, terminal və nişanlar quraşdırılıb, artıq işlər yekunlaşmaq üzrədir. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Natəvan Bayramova deyir ki, Bakı Dəmir Yolu Vağzalının ətrafında nəqliyyatın sıxlığının nizamlanması və sərnişinlərin rahatlığının artırılması məqsədilə vağzalın ərazisində üç yeni parklanma sahəsi yaradılacaq. Onlardan biri vağzalın qarşısında, biri Cəfər Cabbarlının heykəlinin arxasında, digəri isə Süleyman Rəhimov küçəsində, qatarlardan çıxış platforması meydanında təşkil ediləcək.


Qeyd edək ki, vağzalın qarşısında yerləşən parklanma sahəsində işlər tamamlanmaq üzrədir. Həmin ərazi 3 min 300 kvadratmetr, Cəfər Cabbarlı heykəlinin arxasındakı 800 kvadratmetr, Süleyman Rəhimov küçəsindəki dayanacağın ərazisi isə 2800 kvadratmetrdir.



Yeni parklanma sahələrində tariflər 1 saat üçün 1 manat, 1-3 saat üçün 2 manat, 3-6 saat üçün 3 manat, 6-12 saat üçün 4 manat, 12-24 saat üçün 5 manat təşkil edəcək. Velosipedlərin parklanması üçün isə ödəniş tələb olunmayacaq. Ödənişlər xüsusi terminallar vasitəsilə, kart sistemi ilə həyata keçiriləcək.


Xəbər lenti