Xəzər Xəbər

Valideynlərimlə danışa bilməməyim mənə daha böyük dərd idi - Qazi Rəşad Mirzəyev - VİDEO

Veb TV | 21:28 • 3 Dekabr 2020
Valideynlərimlə danışa bilməməyim mənə daha böyük dərd idi -

Tanrı gülüşü var bu oğlanın üzündə. Elə bil qalibiyyətin xoşbəxtliyi ruhuna sirayət edib, ordan da gözlərinə dolub. Onunla danışanda düşünürsən ki, mənim millətimə ölüm yoxdur, çünki mayası qəhrəmanlıqla, zəfərlə yoğrulub. Qobu kəndinin igid oğlu Rəşad Mirzəyev 44 günün sevincini bölüşüb bizimlə...

Əvvəl ölüm xəbəri gəlir. Ermənilərin təxribatı nəticəsində ailəsinə Rəşadın öldüyü haqqında SMS göndərilir. Ancaq əmisi bu yanlış məlumatın Rəşadın valideynlərinə çatmasına mane olur. "Mən anamın, atamın lal-kar olmağına ən çox onda sevindim. Mənim nə ölüm xəbərimi, nə də yaralanmağımı bildilər" deyir Rəşad. Elə həmin ərəfədə qardaşı Rəşidi əsgər aparırlar. Amma bundan Rəşadın xəbəri olmur...

Olduğu yerə 120 millimetrlik minamyotun mərmisi düşür. Qəlpəsi ayağına dəyir, yıxılanda isə sinirləri zədələnir. Həmin ankı hisslərini ifadə edəndə üzü gülür, deyir, bir yandan sevinib, çünki yanında şəhid olan əsgər yoldaşları olub və onların üzündə nur görüb: "Bu dünyadan heç ağlayaraq köçən əsgər görmədim mən".

Əsgər yoldaşları ailələriylə danışanda Rəşadın həsrəti birə min artır, çünki valideynləri ilə telefonda danışa bilmir. Ən böyük dərd bu olur ona. Erməniyə nifrəti ikiqat artır. Bir də Fizulinin Kürdlər kəndinin məscidində qarşılaşdığı mənzərə onu dərindən sarsıdır. Rəşad deyir ki, kənd dağıdılmışdı, bir iki ev, bir də məscid varıydı. Məscidin mənzərəsi isə dəhşətliydi...

Nişanlıdır Rəşad. Deyir o qızın boyu balacadır: "Amma mən gələndən sonra yanımda elə qürurla gəzir ki, elə bilirəm boyu məndən ucadır".

Toyunu yaralandığı torpaqlarda etmək niyyətindədir. Yolunu gözlədiyi əsgər qardaşı Rəşid, döyüş yoldaşları, bir də çox sevdiyi komandiri ilə birlikdə.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti