Xəzər Xəbər

Koronavirusa ikinci yoluxmanın orqanizm üçün fəsadları - Alimdən açıqlama

Gündəm | 17:01 • 3 Dekabr 2020
Koronavirusa ikinci yoluxmanın orqanizm üçün fəsadları -

Koronavirusdan sağalan şəxslərin orqanizmlərində bir müddət müxtəlif şikayətlərin olması gözləniləndir. Amma bu şikayətlərin olması onların ikinci dəfə virusa yoluxması demək deyil. Virusa yenidən yoluxma o qədər də səsləndiyi kimi sadə bir şey deyil. Bu günə qədər aparılan elmi tədqiqatlara əsasən ikinci yoluxmanın bir neçə aydan sonra baş verməsi ehtimal olunandır, amma yenidən yoluxma baş versə də mütləq olaraq ikinci yoluxma əvvəlkindən daha yüngül olacaq.


Bu fikirləri Xəzərxəbər.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev COVID-19-un insan orqanizminə təsirləri barədə danışarkən deyib.


Onun sözlərinə görə, hələ bir müddət əvvəl koronavirusdan sağalan şəxslərin orqanizmində yaranan fəsadlarla bağlı elmi tədqiqatlar aparılarkən pasiyentlərin şikayətləri üzrə problemlər müəyyənləşib:


"Xəstəxanada COVID-19-dan müalicə alaraq sağalan 143 nəfər üzərində aparılan tədqiqatla bir çox məqamlara aydınlıq gətirilib. Sağaldıqdan sonra həmin şəxslərin 44%-nin gündəlik yaşam keyfiyyəti aşağı olması müəyyənləşib. Eyni zamanda sağalan şəxslərin yarıdan çoxunda uzunmüddətli əzginlik və yorğunluq simptomuna rast gəlinib. Əksər şəxslərdə təngnəfəsliyin hələ də qaldığı, bir hissəsində oynaq ağrılarının, bəzilərinin də isə döş qəfəsində ağrıların mövcudluğu müəyyənləşib. Hətta öskürəyin də qalması faktı müşahidə edilib".


Azərbaycanlı alim bildirib ki, sağaldıqdan sonra insanlarda bu simptomların olması onların virus daşıyıcısı olması demək deyil.


Tibb elmləri doktorunun sözlərinə görə, sağalan xəstələrdə virusun orqanizmdə törətdiyi bu kimi fəsadların qalması, amma müəyyən müddətdən sonra yox olması realdır.


Nuran Abdullayev COVID-19-a ikinci dəfə yoluxan şəxslərin orqanizmində hansı fəsadların yaranması məsələsinədə aydınlıq gətirib: "Qısa zaman çərçivəsində virusdan qorunma tədbirlərinə əməl edərkən koronavirusa həqiqi təkrar yoluxma çox nadir hallarda qeydə alınır. İkinci yoluxma zamanı insanlar xəstəliyi yüngül keçirirlər. Amma xəstəliyin ağır keçməsi müşahidə olunarsa, ilk yoluxmanın həqiqətən də COVID-19 olması barədə ciddi şübhələr yaranır".


Sevinc Yasinqızı

Xəbər lenti