Xəzər Xəbər

Belarus XİN Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat barədə məlumatlandırılıb

Gündəm | 16:49 • 16 İyul 2020
Belarus XİN Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat barədə məlumatlandırılıb

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Belarusun Xarici İşlər nazirinin müavini Oleq Kravçenko ilə görüş keçirib.


Səfirlikdən bildiriblər ki, görüş zamanı Azərbaycan-Belarus münasibətləri, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.


Səfir cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə ağır artilleriyadan istifadə etməklə hücum etdiklərini və bununla əlaqədar yaranmış son vəziyyət barədə ətraflı məlumat verib.


L.Qəndilov son zamanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həllinə dair Avropa İttifaqının, Avropa Parlamentinin və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində bəyanat və qərarlarından Ermənistan rəhbərliyinin qorxduğunu və buna görə də beynəlxalq ictimaiyyətin fikrini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən yayındırmağa, bu zonada status-kvonu qorumaq məqsədilə başqa bölgədə Ermənistan-Azərbaycan sərhədində yeni münaqişə mənbəyi yaratmağa çalışdığı bildirilib.


L.Qəndilov Belarus Xarici İşlər nazirinin birinci müavini Andrey Yevdaçenko ilə görüşü zamanı da son hadisələr barədə məlumat verib və Ermənistan tərəfinin Azərbaycan sərhədlərini tanımadıqlarını bildirmələrinə dair bir neçə təkzibolunmaz faktlar təqdim edib.


Görüşlərdə Ermənistan-Azərbaycan münaqişə zonalarını əyani surətdə əks etdirən xəritə və səfirlik tərəfindən hazırlanmış press-reliz qarşı tərəfə təqdim olunub. (AZƏRTAC)

Xəbər lenti