Xəzər Xəbər

Oğuzda meyiti tapılan uşaq ayının hücumuna məruz qalıb - RƏSMİ

Hadisə | 18:33 • 22 May 2020
Oğuzda meyiti tapılan uşaq ayının hücumuna məruz qalıb -

Mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-cı il təvəllüdlü Cəbrayıl Məmmədlinin tapılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələrinin, prokurorluq və polis işçilərinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədlinin meyiti mayın 22-də saat 09 radələrində yaşadığı evdən təxminən 2 kilometr aralı meşəlik ərazidən keçən çayda aşkar edilib.


Oğuz rayon prokurorluğu və polis şöbəsindən xezerxeber.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, dərhal prokurorluq və polis işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb.


C.Məmmədlinin meyitinə baxış zamanı meyitin baş nahiyəsində xəsarətlər aşkar edilib.


Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə C.Məmmədlinin baş nahiyəsində aşkar edilmiş xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir.


Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar