Bu gündən etibarən "Azərbaycan Hava Yolları" aviaşirkətinin beynəlxalq istiqamət üzrə reysləri yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcək.
"AZAL"-dan verilən məlumata görə, Bakı-Moskva reysi həftənin cümə axşamı günləri yerinə yetiriləcək.
Bakıdan uçuş vaxtı – 10:40 (Bakı vaxtı ilə), Moskvadan uçuş vaxtı – 13:50 (Moskva vaxtı ilə). Bakı-London marşrutu üzrə reys həmçinin həftənin cümə axşamı günləri həyata keçiriləcəkdir, Bakıdan uçuş vaxtı – 19:05 (Bakı vaxtı ilə), Londondan uçuş vaxtı – 22:05 (London vaxtı ilə).
⠀
Bundan əlavə, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"ın aviabilet satış ofisləri bağlı olacaq, aviabiletləri "AZAL" aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az).
⠀
Xüsusilə qeyd etmək istərdik ki, Bakıya uçub gəlməyə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına icazə verilir.
⠀
Uçuşlar 2-ci Terminaldan/ 2-ci Terminala yerinə yetiriləcəkdir. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan / yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır.
⠀
Bir daha xatırladırıq ki, Azərbaycana qayıdan hər bir vətəndaş tibbi müayinədən keçirilir və karantinə yerləşdirilir.
⠀
"AZAL" aviaşirkəti, vətəndaşları ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahət etməməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.