Xəzər Xəbər

Vilayət Eyvazovdan yol polisinə sərt xəbərdarlıq - BU ŞƏXSLƏRƏ QARŞI... - VİDEO

Veb TV | 20:58 • 21 Yanvar 2020
Vilayət Eyvazovdan yol polisinə sərt xəbərdarlıq -

Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində əməliyyat müşavirəsi keçirilib. Müşavirədə Daxili işlər naziri Vilayət Eyvazov da iştrak edib. Nazir yol polislərinə ciddi tapşırıq verib. Bildirilib ki, qayda pozuntularına görə 7 mindən çox şəxsin sürücülük hüququ məhdudlaşdırılıb.

"Yol polisi hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməlidir". Bunu daxili işlər naziri Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsində keçirilən əməliyyat müşavirəsində deyib.

Vilayət Eyvazov Dövlət Yol Polisi Xidmətinin ötənilki fəaliyyətinin nəticələrini ümumən müsbət qiymətləndirib. Qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib. Nazir tələb edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar.

Daha sonra görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edən Baş İdarənin rəisi, Ramiz Zeynalov bildirib ki, avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib. Bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.

Ramiz Zeynalov onu da qeyd edib ki, Ötən il Azərbaycanda 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb. Onların 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.

Müşavirədə o da qeyd olunub ki, görülmüş tədbirlərə baxmayaraq, ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb.

Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub.

Xəbər lenti