Xəzər Xəbər

Makqreqor etiraf etdi

İdman | 14:37 • 14 Yanvar 2020
Makqreqor etiraf etdi

Döyüşçülərin Mütləq Çempionatının (UFC) iki çəki kateqoriyasında sabiq çempionu irlandiyalı Konor Makqreqor rusiyalı Həbib Nurmaqomedov ilə döyüşə hazırlıq dövründə alkoqollu içkilərdən istifadə edib. 


Xezerxeber.az xəbər verir ki, Makqreqorun şərhi barədə "MMA Junkie” portalı məlumat yayıb.


Nurmaqomedov-Makqreqor qarşılaşması 2018-ci ilin payızında keçirilib və tətbiq etdiyi ağrılı fənd sayəsində rusiyalının qələbəsi ilə başa çatıb.


İrlandiyalı döyüşçü deyib: "Mən Nurmaqomedovla döyüşdən əvvəl bütün həftəni içki qəbul etmişəm. Mən səhvə yol vermişəm. Lakin mən etiraf etmək və səhvimi düzəltmək üçün lazımınca cəsuram və bu addımı atdım. Ola bilər ki, mən ideal deyiləm, lakin buna çox yaxınam”.


31 yaşlı Makqreqor UFC-nin ən populyar döyüşçülərindən biridir. O, keçirdiyi 25 qarışıq təkbətək qarşılaşmada 21 qələbə (18 vaxtından əvvəl) qazanıb və 4 dəfə məğlub olub. İrlandiyalı UFC-də ilk çempion titulunu 2015-ci ildə qazanıb. Daha sonra Makqreqor müxtəlif çəki kateqoriyalarında (yarıyüngül və yüngül) eyni zamanda iki titula sahib idmançı kimi təşkilatın tarixində ilk döyüşçü adına layiq görülüb.


Makqreqor özünün növbəti döyüşünü yanvarın 19-da, amerikalı Donald Serrona qarşı keçirəcək. Təkbətək döyüş Las-Veqasda, UFC 246 turnirində təşkil olunacaq.

Xəbər lenti