Xəzər Xəbər

Vilayət Eyvazov gürcü həmkarı ilə görüşüb - FOTO

Gündəm | 18:26 • 9 Oktyabr 2019
Vilayət Eyvazov gürcü həmkarı ilə görüşüb -

Oktyabrın 9-da Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Gürcüstanın Daxili İşlər naziri, general-leytenant Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görüşdə çıxış edən nazir V.Eyvazov gürcüstanlı həmkarını bu vəzifəyə təyinatı münasibətilə təbrik edib. Xalqlarımız arasındakı dostluğun qədim tarixi köklərə malik olduğunu xatırladan nazir hər iki dövlətin rəhbərliyinin əlaqələrimizin daha da genişləndirilməsinə böyük önəm verdiklərini qeyd edib, bu münasibətlərin ölkə prezidentlərinin siyasi iradəsinə, müəyyənləşdirilmiş strategiyaya uyğun uğurla inkişaf etdiyini vurğulayıb. V.Eyvazov Daxili İşlər nazirlikləri arasında da əməkdaşlığın, xüsusilə transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə fəaliyyətin dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyini diqqətə çatdırıb.


Sonra mövcud kriminogen durum, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunmasında əldə olunan nəticələr, xidmətin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verilib.


Qeyd olunub ki, ötən illərdə nazirliklərin rəhbər vəzifəli şəxsləri, sərhədyanı bölgələrin polis orqanlarının rəisləri səviyyəsində qarşılıqlı səfərlər, cinayətkarlıqla mübarizədə birgə səylərin əlaqələndirilməsinin daha da yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərinin müzakirəsi praktikası yaranıb. Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın hüquqi bazasının məqsədyönlü və ardıcıllıqla möhkəmləndirildiyini qeyd edən nazir imzalanmış sənədlərin, xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilənin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan verdiyini bildirib.


Nazir V.Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.


Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, mehriban qonşu və yaxın dost olan Azərbaycanla bütün sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.


Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Xəbər lenti