Xəzər Xəbər

Donald Tramp Həsən Ruhani ilə görüşmək istədiyini bir daha bəyan edib

Dünya | 16:15 • 11 Sentyabr 2019
Donald Tramp Həsən Ruhani ilə görüşmək istədiyini bir daha bəyan edib

ABŞ Prezidenti Donald Tramp bir daha İran Prezidenti Həsən Ruhani ilə görüşmək istədiyini bildirib.


Ötən gün Ağ evin qarşısında jurnalistlərin suallarını cavablandıran D.Tramp bəyan edib ki, Prezident H.Ruhani ilə görüşməsi üçün heç bir problem yoxdur.


Bundan əvvəl D.Trampın özü və dövlət katibi Maykl Pompeo bildirmişdilər ki, rəsmi Vaşinqton İran ilə yenidən danışıqlara başlamaq niyyətindədir. Dövlət katibi ABC News kanalına müsahibəsində demişdir ki, Prezident D.Tramp Həsən Ruhani ilə görüşmək istəyir.


Maraqlı məqam ondan ibarətdir ki, dünən D.Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri və İrana qarşı saksiyalar siyasətinin müəllifi Con Boltonu istefaya göndərdikdən sonra H.Ruhani ilə görüşmək istədiyini bildirib.


İran mətbuatı qeyd edir ki, ABŞ Prezidenti sanksiyaların əks səmərə verdiyini başa düşərək C.Boltonu istefaya göndərib və İrana qarşı xoş məramlı addım ataraq danışıqlara başlamaq niyyətini ortaya qoyub.


Rəsmi Tehran ABŞ Prezidentinin bəyanatına münasibət bildirməyib. Lakin İranın BMT yanındakı daimi nümayəndəsi Məcid Təxti Rəvanç bildirib ki, rəsmi Tehran ağır sanksiyalar şəraitində danışıqlar aparmayacaq.


Xatırladaq ki, sentyabrın 17-dən 26-na kimi Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası keçiriləcək. İranın Prezident administrasiyasından bildiriblər ki, Prezident Həsən Ruhani bu toplantıya qatılmaq üçün Nyu-Yorka gedəcək.

Xəbər lenti