Xəzər Xəbər

Sentyabrın 14-dən Bakı metrosunda yeni qrafik tətbiq ediləcək

İqtisadiyyat | 14:59 • 11 Sentyabr 2019
Sentyabrın 14-dən Bakı metrosunda yeni qrafik tətbiq ediləcək

Yeni tədris ilinin başlanması, həmçinin fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar Bakı Metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.


"Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu dövrdə metro istifadəçilərinin sayı artır, sərnişin axını intensivləşir. Bunu nəzərə alaraq, metropolitendə hərəkət qrafiki mövsümün tələblərinə uyğun tərtib olunur və bir sıra müvafiq digər tədbirlər də görülür. Qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılacaq, onların hərəkəti sıxlaşdırılacaq və nəticədə interval azaldılacaq.


Sentyabrın 14-dən tətbiq ediləcək qrafiklə iş günlərinin gur saatlarında "Həzi Aslanov-28 May” istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyən olunub. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq. Bakı Metropolitenində gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-dək davam edir.


Bakı Metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə, xətlərin birləşdiyi "28 May” stansiyasından "Dərnəgül” və "İçərişəhər” istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.


Sərnişinlər günün müəyyən vaxtlarında "Həzi Aslanov-Ulduz” sahəsində bəzən 2 qatarın ardıcıl "Dərnəgül” və ya "İçərişəhər” istiqamətində hərəkətini, həmçinin daha böyük interval müşahidə edirlər. Bunun səbəbi qatarların "Nərimanov” elektrik deposundan xəttə verilməsi və ya xətdən çıxarılması ilə əlaqədardır. Bu hallarda "Ulduz-Həzi Aslanov” sahəsində bəzi hallarda interval daha çox ola bilər. Eyni qayda ilə, "Həzi Aslanov-Ulduz” sahəsində günün qrafiklə müəyyən edilmiş vaxtlarında 2 qatarın ardıcıl olaraq "Dərnəgül” və ya "İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edilməsi mümkündür.


Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı Metropolitenində fərqli hərəkət qrafiki tətbiq edilir.


Yeni qrafik 2020-ci ilin yay aylarınadək qüvvədə olacaq.


Xəbər lenti