Xəzər Xəbər

Sağlam həyat tərzi demensiyadan qoruyur

Cəmiyyət | 21:16 • 16 İyul 2019
Sağlam həyat tərzi demensiyadan qoruyur

Bu günədək elmdə qocalıqla bağlı huşsuzluğun məhz hansı səbəbdən əmələ gəlməsi, onun müalicə edilməsi və ən azı əlamətlərinin inkişaf sürətini aşağı salmaq, yaxud hansısa üsulla bu sağalmaz xəstəliyin yaranma riskini azaltmaq barədə dəqiq məlumat yoxdur. Krossvordların həllinin bu təhlükəni azalda bilməsi barədə tədqiqatlar aparılıb. Lakin növbəti müşahidələr bu nəticələri təkzib edir. İndi Ekseter Universitetindən olan alimlər müəyyən ediblər ki, sağlam həyat tərzi qocalıqla bağlı huşsuzluğun inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır. Söhbət o adamlardan gedir ki, onlarda bu xəstəliyin əmələ gəlməsinə genetik zəmin mövcuddur. Bu, tədqiqatların nəticələrini daha dəyərli edir.


Xezerxeber.az bu barədə "MedikForum”a istinadla xəbər verir.


Tədqiqatın müəllifləri araşdırıblar ki, bu cür insanlarda demensiyanın hər hansı növünün əmələgəlmə ehtimalı 32 faiz azalır və bu, yalnız onların sağlam həyat tərzi aparacaqları təqdirdə baş verir. Bu, ilk irimiqyaslı tədqiqatdır ki, burada qocalıqla bağlı huşsuzluğa genetik, yəni irsi meyilliliyi həyat tərzində dəyişikliklərin aparılması hesabına nə dərəcədə azaltmağın mümkünlüyü təhlil edilib. Ümumilikdə, alimlər yaşı 60-dan yuxarı avropaəsilli 196383 nəfər üzərində müşahidə aparıblar. 8 il ərzində aparılan müşahidələrdə 1769 demensiya halı aşkar edilib.


Əvvəlcə müşahidə iştirakçılarını irsi qocalıq huşsuzluğuna meyillilikdən asılı olaraq üç qrupa bölüblər. Müəyyən edilib ki, sağlam həyat tərzinin əsaslarına riayət olunması genlərində yüksək riskliliyin olduğu 30 faizdən çox insanda demensiya ehtimalını aşağı salıb. Sağlam həyat tərzinin əsas qaydalarına gündə 5 dəfə qidalanmaq, siqaretdən imtina, müntəzəm fiziki iş, gündə azı üç pay meyvə və tərəvəz yemək, emal edilmiş və qırmızı ətdən imtina, həmçinin alkoqolun miqdarının azaldılması aid edilib.

Xəbər lenti