Xəzər Xəbər

Od və su arasında: daşqınlardan zərər çəkən İrkutsk indi də meşə yanğınları ilə üzləşib

Dünya | 14:29 • 12 İyul 2019
Od və su arasında: daşqınlardan zərər çəkən İrkutsk indi də meşə yanğınları ilə üzləşib

İyulun 11-dən meşə yanğınları səbəbindən İrkutsk vilayətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.


AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə region hökumətinin mətbuat xidməti məlumat yayıb.


Məlumatda deyilir ki, İrkutsk vilayəti qubernatoru Sergey Levçenko tərəfindən imzalanan fərmana əsasən, Baykal rayonu ərazisində yerləşən regional xarakterli bütün meşələrdə fövqəladə vəziyyət rejimi tətbiq olunur.


Ötən sutka ərzində İrkutsk vilayətinin meşə fondunda 5 min hektar ərazidə 15 yanğın söndürülüb. Yanğının söndürülməsinə mindən çox insan və 182 ədəd texnika cəlb edilib. İyulun 11-i səhər saatlarına olan məlumata əsasən, regionda 45 hektar meşə zonasında 33 yanğın ocağı qeydə alınıb. Bundan əlavə, kosmomonitorinq zonasında 60 hektar ərazidə 60 meşə yanğını davam edir. Bütün yanğınlar yaşayış məntəqələrindən və iqtisadi obyektlərdən xeyli uzaqda yerləşir.


Xatırladaq ki, kütləvi insan tələfatı ilə nəticələnən daşqınlar səbəbindən iyulun 12-si İrkutsk vilayəti ərazisində matəm günü elan olunub.


Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, iyun ayının sonlarında regionda başlayan daşqınlar nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb, 11 nəfər isə itkin düşmüş sayılır. Daşqınlar, həmçinin vilayətin altı rayonunda 107 yaşayış məntəqəsinə, 10,8 min yaşayış binasına, 11 min bağ sahəsinə və ümumilikdə 34 min sakinə təsir göstərib.


İlkin hesablamalara görə, təbii fəlakət vilayətin kənd təsərrüfatına və yol infrastrukturuna bir milyard rubldan çox ziyan vurub.

Xəbər lenti