Xəzər Xəbər

Malayziyanin sabiq kralı, Pahanq ştatının sultanı vəfat edib

Dünya | 09:35 • 23 May 2019
Malayziyanin sabiq kralı, Pahanq ştatının sultanı vəfat edib

Malayziyanın sabiq kralı və indi hakimiyyətdə olan monarxın atası, Pahanq ştatının sabiq vəliəhd-hakimi Sultan Əhməd Şah Əl-Musta-İn ibni Əl-Məhrum 88 yaşında vəfat edib.


AZƏRTAC xəbər verir ki, bu barədə "The Star” qəzetinin internet versiyası məlumat yayıb.


Bildirilir ki, Sultan Əhməd şah Malayziya Milli Ürək Xəstəlikləri İnstitutunda mayın 22-də vəfat edib. Onun vəfatı ilə əlaqədar Pahanq ştatında bütün vətəndaşlar üçün 40 gün, kral ailəsinin üzvləri üçün isə 100 gün davam edəcək matəm elan edilib.


Sultanın dəfni mayın 23-də axşam namazından sonra Pahanq sultanlığının kral sərdabəsində, Əhməd Şah məscidinin yaxınlığında keçiriləcək.


Sultan Əhməd Şah Malayziya ştatlarının doqquz vəliəhd-hakimindən biri idi və 1979-1984-cü illərdə Malayziyanın kralı olub. Malayziya dövlət quruluşuna görə federativ konstitusiyalı monarxiyadır.


2019-cu ilin yanvarında səhhətinin pisləşməsi ilə əlaqədar Sultan Əhməd şah Pahanq sultanlığının taxtından imtina edib. Taxta onun ikinci oğlu, rəsmi vəliəhd Abdulla Riyatuddin Əl-Mustafa çıxıb.


Sultan Abdulla 2019-cu il yanvarın 31-də Malayziyanın kralı seçildikdən sonra II Abdulla adı ilə kral taxtına sahib olub.

Xəbər lenti